Mar 16 2020 11:45
Elshad Aliyev
Views: 108

“Azərenerji” ASC ölkənin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasında (SES) təmir-bərpa işləri həyata keçirir.

ASC-dən AZƏRTAC-a bildirilib ki, 6 hidroaqreqatdan ibarət “Mingəçevir” SES-də aparılan işlər nəticəsində dayanıqlılıq, etibarlılıq və təhlükəsizlik artırılır. Ən əsası isə tezliyin avtomatik tənzimlənməsi istiqamətində böyük layihə reallaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin yayında baş verən qəza və nəticədə enerji sisteminin çökməsinin bir daha təkrarlanmamasına görə əks-qəza avtomatikasının, o cümlədən rele-mühafizəsinin yenilənməsi ilə yanaşı, tənzimatın avtomatik aparılması üçün bir çox ölkələrin müasir texnologiyaya əsaslanan avadanlıqları alınaraq işə qoşulur.

Bu günə qədər 6 hidroaqreqatdan ibarət stansiyanın 4 hidroaqreqatında təmir işləri başa çatdırılıb, tənzimləmə, idarəetmə sistemləri dəyişdirilib, təsirlənmə və yeni generatorun mühafizə qurğuları işə qoşulub.

Hazırda bir hidroaqreqatda disk bağlayıcısının dəyişdirilməsi prosesi gedir və işlər yekunlaşandan sonra axırıncı aqreqatda da təmir prosesinə başlanacaq, bununla da ötən əsrin 50-ci illərindən istismar edilən 6 hidroaqreqatın hamısında təmir işləri başa çatacaq.


Create Account



Log In Your Account