Jan 26 2017 18:30
Ulviyye Sabirqizi
Views: 1580

Minsk şəhər məhkəməsi Belarus Baş Prokurorluğunun bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərarını qüvvədə saxlayıb.

Bu barədə Minsk şəhər məhkəməsindən məlumat verilib.

Qeyd edək ki, A.Lapşin Belarus Baş Prokurorluğunun qərarından apellyasiya şikayəti vermişdi.

Belarus Baş Prokurorluğu yanvarın 17-i Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi.

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

 


Create Account



Log In Your Account