Feb 18 2017 11:33
Ulviyye Sabirqizi
Views: 2205

Almaniyada 53-cü Münxen Təhlükəsizlik Konfransı öz işini davam etdirir. Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Fevralın 17-də konfransın açılış sessiyası olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Açılış sessiyasında çıxış edən Türkiyənin müdafiə naziri Fikri İşıq bildirib ki, NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalı, Alyans fəaliyyətini yeni çağırışlara uyğun qurmalıdır. “Bizim vəzifəmiz NATO-nu əvvəlkindən güclü etməkdir. NATO-nun strukturu əsaslı şəkildə islahata uğramalıdır, Alyans fəaliyyətini beynəlxalq terrorizm kimi yeni çağırışlara uyğun qurmalıdır”, deyə nazir bildirib. F. İşıq həmçinin qeyd edib ki, Alyans Türkiyənin də yer aldığı cənub-şərq istiqamətdə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Nazir yaxın gələcəkdə vəziyyətin dəyişəcəyən ümid etdiyini deyib.

Çinin xarici işlər naziri Van İ isə çıxışında bildirib ki, rəsmi Pekin ABŞ-ın konfrontasiya siyasətindən əl çəkməsi şərti ilə Vaşinqtonla əməkdaşlığa hazırdır. “Biz ABŞ-ın konfrontasiya siyasətindən əl çəkməsi, qarşılıqlı hörmət və fikir ayrılığının nizamlanması şərti ilə Vaşinqtonla əməkdaşlığa hazırıq”, deyə Van İ bildirib. Onun sözlərinə görə, ABŞ-la Çinin fərqliliyi nəzərə alınmaqla, qarşılıqlı etimada arxalanaraq hər iki ölkə münasibətlərində böyük irəliləyişə nail ola bilərlər.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.

 


Create Account



Log In Your Account