Feb 21 2020 10:56
Elshad Aliyev
Views: 46

Fevralın 20-də Vyanada ATƏT Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Ermənistan nümayəndə heyəti öz ənənəsinə sadiqlik nümayiş etdirib. Ermənistan nümayəndə heyətinin üzvü çıxışında insan haqlarından bəhs edib və Azərbaycanı bütün erməniləri ölkədən qovmaqda ittiham edib.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışını bir daha Ermənistan nümayəndə heyətinin yalan və saxta fikirlərinə münasibət bildirməklə başlayıb. O, erməni deputatların yalan dolu çıxışlarından artıq hamının yorulduğunu qeyd edərək, hazırda Azərbaycanda 30 min erməninin yaşamasının “Azərbaycanda bir nəfər də erməni yoxdur” yalanına tutarlı cavab olduğunu bildirib. Xüsusilə vurğulanıb ki, monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır.

T.Mirkişili çıxışında, həmçinin Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlıqda və ölkəmizin bu əməkdaşlığın qarşılıqlı tələbat və prioritetlər əsasında qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu əməkdaşlıq bütün iştirakçı dövlətlərin ATƏT prinsiplərinə tam riayət etməsini və müfəssəl təhlükəsizlik konsepsiyasının üç ölçüsü boyunca öhdəliklərimizin yerinə yetirilməsini təmin edir.

Çıxışda, həmçinin ATƏT-in media azadlığı üzrə nümayəndəsinin öz mandatını rəhbər tutaraq ümumi öhdəliklərin yerinə yetirilməsinə töhfə verə və fəaliyyətində bütün iştirakçı dövlətlərə kollektiv dəstək göstərə biləcəyinə ümid ifadə olunub. Bildirilib ki, nümayəndə Parlament Assambleyasının 193 saylı qərarının müddəalarına sadiq şəkildə iştirakçı dövlətlərin hökumətləri ilə bütün etibarlı mənbələrdən məlumatların toplanması və alınması, eləcə də uyğunsuzluq iddiası ilə bağlı iddialara baxılması üçün birbaşa əlaqə yaratmalıdır: “Bu məqsədlə ATƏT-in media azadlığı üzrə nümayəndəsini iştirakçı dövlətlərdə medianın inkişafı ilə əlaqəli məsələlərə reaksiya verməzdən əvvəl iştirakçı dövlətlərin nümayəndə heyətləri ilə görüşməyə dəvət edirik.”

Azərbaycan nümayəndəsi çıxışının yekununda ATƏT-in media azadlığı üzrə nümayəndəsini bütün ATƏT dövlətlərində media ilə bağlı hadisələr barədə istisnasız olaraq hərtərəfli, obyektiv və qərəzsiz şəkildə hesabat vermə təcrübəsini davam etdirməyə dəvət edib.

 


Create Account



Log In Your Account