Dec 30 2019 12:58
Elshad Aliyev
Views: 135

2020-ci il və ortamüddətli dövrdə də pul siyasətinin prioritet məqsədi qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bildirilir ki, qiymət sabitliyinin pul siyasətinin digər məqsəd və vəzifələrindən mütləq üstünlüyü növbəti ildə də təmin ediləcək. İnformasiya açıqlığı növbəti ildə də pul siyasətinin mühüm prinsiplərindən biri olacaq.

Qiymət sabitliyi istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühitin vacib elementidir. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Qiymət sabitliyi hesabına etimad qazanmış siyasət sahibkarlara və ev təsərrüfatlarına öz investisiya və istehlak planlarını ortamüddətli dövrə əminliklə tərtib etməyə imkan yaradır. Stabil aşağı inflyasiya gəlirlərin və yığımlarının dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bu da daxili investisiya potensialını artırır və iqtisadi inkişafa təkan verir. Aşağı inflyasiya sosial stabilliyin vacib elementi olmaqla aşağı gəlirli əhalinin istehlak səviyyəsini qoruyur və gəlir bərabərsizliyinin dərinləşməsinə mane olur.

2020-ci ildə də pul siyasətinin son hədəfi inflyasiyanın 4±2 faiz dəhlizində saxlanılmasını təşkil edəcək. Hədəf istehlak qiymətləri indeksinin illik, yəni son 12 ayda dəyişimi üzrə müəyyən edilib. Bu hədəfə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaq.


Create Account



Log In Your Account