Feb 15 2018 14:18
Ferah Sabirqizi
Views: 762

Fevralın 15-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə keçirilib.

Seminar-müşavirəni MSK-nın sədri Məzahir Pənahov açaraq qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin prezident seçkilərinin aprelin 11-nə təyin olunması ilə bağlı Sərəncamında Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Seçki Məcəlləsinin tələbinə görə, MSK seçkilərin hazırlanıb keçirilməsinə məsul orqan kimi fəaliyyətə başlayıb. “Artıq təqvim planını təsdiq etmişik. Bu plana uyğun olaraq fəaliyyətimizə başlamışıq. Bu seminar-müşavirə də təqvim planına uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə bağlı təşkil edilib. Bu, aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi daşıyır”, - deyə Məzahir Pənahov vurğulayıb.

MSK sədri bildirib ki, aşağı seçki komissiyaları seçki prosesinin iştirakçısı rolunda çıxış edirlər. Seçki Məcəlləsinin tələbinə görə, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunun tələbinə uyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Ona görə də burada aparılan müzakirələrin nəticəsi atılacaq sonrakı addımlar üçün əsas olmalıdır.

Məzahir Pənahov qeyd edib ki, Azərbaycanda mövcud olan sabitlik şəffaf və demokratik seçkilərin keçirilməsi üçün münbit şərait yaradır. Bütün seçki komissiyalarının fəaliyyətinin Seçki Məcəlləsinin tələbinə uyğun təmin edilməsi üçün lazımi şərait yaradılıb. Seçki Məcəlləsinin tələbinə görə bu şəraitin yaradılması icra orqanlarının vəzifəsidir. İndiyədək keçirilən seçkilərin nəticələri göstərir ki, ölkəmizdə dairə seçki komissiyalarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

“Seçkilər hər bir ölkənin demokratik prinsiplərə nə dərəcədə malik olduğunun göstəricisidir. Biz çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər həm ölkədə, həm də beynəlxalq aləmdə yüksək qiymətləndirilsin”, - deyə MSK sədri vurğulayıb.

Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev seminar-müşavirədə “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Bu maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışan Prezidentin köməkçisi bildirib ki, seminar-müşavirə qarşıdan gələn seçkilərin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından önəmlidir. Ənənəvi olaraq təşkil edilən bu müşavirələr imkan yaradıb ki, prezident, parlament, bələdiyyə seçkilərinin, referendumun keçirilməsində hər dəfə keyfiyyətcə daha üstün səviyyəyə qalxaq. Azərbaycanın seçki təcrübəsi, əldə etdiyi nailiyyətlər nəinki cəmiyyətimizdə, eyni zamanda, hər dəfə ölkəmizdə seçkiləri izləyən beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilir. Əlbəttə ki, əldə olunan bu nailiyyətlərdə yerlərdə seçkilərin keçirilməsinə məsul olan şəxslərin əməyi çox böyükdür.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda hər dəfə seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi çox böyük rol oynayıb. Dövlətimizin başçısı seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qarşısında çox ciddi vəzifələr qoyub.

Ölkəmizdə hökm sürən sabitliyin, təhlükəsiz mühitin də seçkiləri demokratik prinsiplər əsasında keçirməyi şərtləndirən amillər olduğunu deyən Zeynal Nağdəliyev qeyd edib ki, bu gün Azərbaycan öz inkişaf yolu ilə gedir, ölkəmizdə vətəndaş həmrəyliyi mövcuddur. Məhz bu parametrlərinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir. Əlbəttə ki, Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, sabitlik, əldə olunan nailiyyətlər seçkidən-seçkiyə seçicilərin fəallığının artması ilə müşahidə olunur. Ölkəmizin qazandığı bu nailiyyətlər bizim üzərimizə düşən məsuliyyəti daha da artırır. Qarşıda duran əsas vəzifə prezident seçkilərini ən yüksək meyarlara uyğun keçirməkdir. İndiyə qədər keçirilən seçkilərdə əldə olunan təcrübə bizə imkan verəcək ki, qarşıdan gələn seçkiləri də ən yüksək səviyyədə keçirək.

Prezidentin köməkçisi qeyd edib ki, yerlərdə dairə seçki komissiyalarının fəaliyyəti üçün lazımi şəraitin yaradılması qanunvericiliklə icra hakimiyyəti orqanlarının üzərinə düşən vəzifədir. Dövlətimizin başçısı bu məsələni daim diqqət mərkəzində saxlayır. Artıq yerlərdə seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılıb. Buna baxmayaraq, Mərkəzi Seçki Komissiyası ilə birgə yerlərdə monitorinqlər aparılır. Əgər hər hansı bir məsələ ortaya çıxarsa, o da mütləq şəkildə həllini tapmalıdır. Hər zaman seçkiqabağı kütləvi tədbirlərin, görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlər təyin olunur. Təbliğat-təşviqat kampaniyası başlayana qədər həmin yerlər müəyyənləşdirilir, hamı üçün bərabər şərait yaradılır. Kampaniya başlayana qədər həmin yerlər kütləvi informasiya vasitələrində yayımlanacaq.

Zeynal Nağdəliyev bildirib ki, səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunması təmin edilməlidir. Seçkilər azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməlidir. Şəffaf seçkilərin keçirilməsi üçün ən vacib məsələlərdən birinin də dürüst seçici siyahılarının hazırlanması olduğunu qeyd edən Prezidentin köməkçisi bildirib ki, bu iş həmişə olduğu kimi, yüksək səviyyədə həyata keçirilir. “İnanıram ki, əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn prezident seçkilərini də ən yüksək səviyyədə təşkil edəcəyik. Hər birimizin vəzifəsi ondan ibarətdir ki, əldə olunmuş nailiyyətləri qoruyub saxlayaq və daha da artıraq”, - deyə Zeynal Nağdəliyev vurğulayıb.

“Seçki hüququnun konstitusion əsasları. Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki hüququnun realizə mexanizmləri” mövzusunda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, ənənəvi olaraq bu cür seminar-müşavirələrin təşkili şəffaf və demokratik seçkilərin keçirilməsi işinə töhfə verir. Seçki prosesinin həssas proses olduğunu bildirən Konstitusiya Məhkəməsinin sədri deyib ki, bu prosesdə hər zaman yeniliklər tətbiq olunur. Əlbəttə ki, bu da şəffaflığın, ədalətin təmin olunması, qanunvericiliyin qorunması məqsədini daşıyır.

“Bu gün dünyada müxtəlif siyasi, iqtisadi proseslər gedir, bütün cəmiyyətlər heç də sabit inkişaf etmir. Əlbəttə ki, bu proseslər seçkilərə də təsirini göstərir. Azərbaycanda isə sabitlik hökm sürür, cəmiyyətimiz sabit şəkildə inkişaf edir. Bu da seçki prosesinin şəffaf və demokratik keçirilməsi üçün zəmin yaradır”, - deyə Fərhad Abdullayev vurğulayıb.

Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Azərbaycanda seçkilərin şəffaf və demokratik prinsiplər əsasında keçirilməsi üçün indiyə qədər Mərkəzi Seçki Komissiyası tərəfindən böyük işlər görülüb. Hər bir dövlətdə seçkilər onun imicinə çox ciddi təsir göstərir. Bu baxımdan dövlətimiz və ictimaiyyətimiz hər zaman seçkilərə çox böyük önəm verir.

Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bir sıra digər normativ hüquqi aktlar, həmçinin Mərkəzi Seçki Komissiyasında qəbul olunan təlimatlar və qərarlar seçki prosesinin qanunlar çərçivəsində şəffaf keçirilməsinin təmin edilməsinə yönəldilib. O deyib ki, müasir texnologiyaların imkanlarından istifadə etməklə seçki prosesinin izlənməsi və digər mütərəqqi addımlar təqdirəlayiqdir.

“Yerlərdə dairə seçki komissiyalarında seçicilərin konstitusion hüquqlarının təmini istiqamətində ciddi iş aparılmalıdır. Bu gün dünyada seçicilərin öz hüquqlarından istifadə etmələri ilə bağlı problemlər mövcuddur. Misal üçün, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında aktiv seçki hüququnun məhdudlaşdırılması, xüsusilə məhkumların hüquqlarının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Bir sıra Avropa ölkələrində də bu məhdudiyyət var. Ancaq Azərbaycanda belə məhdudiyyət yoxdur və əlbəttə ki, bu, çox mütərəqqi bir addımdır. Azərbaycanda əhalinin bütün elektoratı, o cümlədən azadlıqdan məhrum edilən şəxslər də seçkilərdə iştirak edəcəklər”, - deyə Fərhad Abdullayev vurğulayıb.

Daha sonra insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova “Seçki hüququ insan və vətəndaş hüquqlarından biri kimi”, ədliyyə nazirinin müavini Azər Cəfərov “Azərbaycan Respublikası Prezidentinin seçkilərində ədliyyə orqanlarının və məhkəmələrin rol və vəzifələri”, baş prokurorun birinci müavini Rüstəm Usubov “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rol və vəzifələri”, daxili işlər nazirinin müavini Oruc Zalov “Azərbaycan Respublikası Prezidentinin seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri” mövzularında çıxış ediblər.


Create Account



Log In Your Account