Oct 25 2017 10:55
Ferah Sabirqizi
Views: 513

Bu gün dahi sənətkar Müslüm Maqomayevin vəfatından 9 il ötür.
 
Hər ilin bu günündə zəmanəmizin görkəmli müğənnisi Müslüm Maqomayevin xatirəsi anılır. Sənətə və əsl sənətkara hörməti olan hər bir kəs Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzür.

Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci il Bakı şəhərində anadan olub. Birinci dəfə 14 yaşında dənizçilər klubunda çıxış edən M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.
 
Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc etmişdi. M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, "La Skala" Milan teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar. Keçmiş SSRİ-də klassik ariyaları və mahnıları estradaya məhz Müslüm gətirmişdi.
 
Bütün bunlara görə ona 31 yaşında SSRİ Xalq Artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var. Böyük müğənni həm də gözəl mahnılar müəllifidir. Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərdir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazona malik səs çox az müğənnilərə qismət olur. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada bir dünya yaradırdı.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları - "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Xatırladaq ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. 
 
Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliği işinə mühüm töhfələr vermiş Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsini ilə bağlı müvafiq qurumlara tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırıldı. Mədəniyyət və Turizm Nazirliyində sözügedən plan hazırlandı və bu gün də sənətkarın yubileyi ilə bağlı Azərbaycanda və ölkə hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.


Create Account



Log In Your Account