Feb 27 2020 14:42
Elshad Aliyev
Views: 90

Fevralın 26-da qərargahı Qətərin Doha şəhərində yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin (MABB) rəsmi saytında Xocalı soyqırımı ilə əlaqədar məqalə dərc olunub.

Azərbaycanın Qətərdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, “Faciəvi Xocalı qırğınından 28 il ötür” sərlövhəli məqalədə Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verilib, törədilmiş qırğınlar, onların həcmi, dəyən zərərdən söz açılıb.

Bildirilib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli cinayətlərindən biridir. Xocalıda baş vermiş qırğın beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin beynəlxalq konvensiyaların müddəalarına ziddir.

Xocalıda insanların amansızlıqla qətlə yetirildiyinin xüsusi vurğulandığı yazıda Ermənistanın Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Qeyd edilib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşüb, 30 minə yaxın insan həyatını itirib.

Qeyd edək ki, dünyanın 70-dən çox ölkəsində minlərlə üzvü olan MABB-ın saytında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirməsi bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


Create Account



Log In Your Account