May 27 2021 14:57
Elshad Aliyev
Views: 104

Əmman və Qahirədə səfərdə olan ABŞ-ın dövlət katibi Antoni Blinken İordaniya Kralı II Abdulla və Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə Yaxın Şərq və Şimali Afrika regionunda vəziyyətə, xüsusilə İsrail-Fələstin münaqişəsinin nizama salınmasına dair danışıqlar aparıb.

AZƏRTAC PETRA agentliyinə istinadla xəbər verir ki, İordaniya Kralı II Abdulla Birləşmiş Ştatların Qüdsün şərqində yenidən konsulluq açmasını alqışlayıb. ABŞ dövlət katibinin Ramallahda Fələstin Dövlətinin rəhbəri Mahmud Abbasla görüşünün nəticələrini müzakirə edən tərəflər qeyd ediblər ki, sözügedən münaqişənin həllinin yeganə variantı 1967-ci il sərhədləri hüdudlarında “iki dövlət” prinsipidir.

Qahirədə Prezident Əbdülfəttah əl-Sisi ilə İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində müzakirələr aparan Blinken tərəflər arasında atəşkəsə vasitəçilik etdiyinə görə Misirə təşəkkürünü bildirib. Misirin dövlət başçısı da Birləşmiş Ştatların Şərqi Qüdsdəki Baş konsulluğunun fəaliyyətini bərpa etməsini yüksək qiymətləndirib. Tərəflər, həmçinin Qəzzada bərpa işlərinin aparılması istiqamətində görüləcək işləri müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Əmman və Qahirədə Liviyada kövrək sülhün və sabitliyin möhkəmlənməsi, xaricdən gəlmiş muzdlu əsgərlərin bu ölkədən çıxarılması məsələlərini də müzakirə edib.


Create Account



Log In Your Account