May 05 2021 15:05
Elshad Aliyev
Views: 96

Misir və Səudiyyə Ərəbistanının hazırda Türkiyə ilə soyuq olan münasibətləri yaxın aylarda normallaşa bilər.

AZƏRTAC xəbər verir ki, ərəb mətbuatı rəsmi Ankaranın bu istiqamətdə səylərinə qarşı tərəflərin müsbət yanaşdığını yazır.

Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Kral Salman bin Əbdüləziz arasında telefon danışığı barədə məlumat yayıb. Qeyd olunub ki, telefon söhbəti zamanı tərəflər qarşıdan gələn Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, ikitərəfli əlaqələrin inkişafı perspektivlərini nəzərdən keçiriblər.

Ankara ilə Ər-Riyad arasında əlaqələr 2018-ci ildə İstanbulda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra pisləşib. Bundan sonra Səudiyyə Ərəbistanı Türkiyədən mal və məhsulların idxalına embarqo tətbiq edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan ilə ötən ilin sonunda keçirdiyi görüşdən sonra bəyan etmişdi ki, Ankara əlaqələrin normallaşması istiqamətində addımlar atmağa hazırdır.

Həmçinin Misir XİN-in məlumatına görə, mayın 6-da Qahirədə Türkiyə-Misir əlaqələrinin normallaşması istiqamətində iki ölkənin xarici siyasət idarələri səviyyəsində danışıqlar aparılacaq.

Danışıqlar zamanı tərəflər 2013-cü ildən bəri pisləşən əlaqələrin normallaşması, o cümlədən səfirliklərin fəaliyyətinin bərpası məsələlərini müzakirə edəcəklər.


Create Account



Log In Your Account