Mar 06 2020 13:06
Elshad Aliyev
Views: 58

Misir-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün bütün imkanlar mövcuddur.

Bu fikri Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan əl-Şeyx AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində ifadə edib.

İki dost ölkə ilə əlaqələrin perspektivlərindən bəhs edən politoloq deyib: "Misir-Azərbaycan əlaqələri son otuz ildə xeyli inkişaf edib. Bu əməkdaşlıq özünün davamlılığı və qarşılıqlı hörmət ilə xarakterizə olunur. Ölkələrimiz arasında keçirilən Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclasları, qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına təkan verib. Düşünürəm ki, Misir-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün bütün imkanlar mövcuddur. Eyni zamanda, enerji, farmasevtika sənayesi, kənd təsərrüfatı, turizm və digər sahələrdə birgə sərmayələrin qoyulması və müştərək layihələrin həyata keçirilməsi mümkündür. Bu kontekstdə ötən il Süveyş Kanalı İqtisadi Zonasına, Misirin və Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilməsi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumlarının imzalanması böyük əhəmiyyətə malikdir. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və "Azərbaycan" küçəsinin açılışı olub. Misirin Qəlubiyyə və Cənubi Sinay vilayətləri Azərbaycanın Abşeron və Qəbələ rayonları ilə əməkdaşlıq haqqında sazişlər imzalayıblar".

İstər Yaxın Şərq regionunda və Afrikada, istərsə də Cənubi Qafqazda silahlı münaqişələrin həlli və onların qarşısının alınması ilə bağlı sualı cavablandıran Nurhan əl-Şeyx vurğulayıb: "Hər hansı bölgədə silahlı münaqişələrə son qoyulması sabitliyin və inkişafın əsas şərtidir. Bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin həlli, insanların sülh şəraitində yaşamasının təmin edilməsi həmin bölgədə rifaha xidmət edəcək. İnsanlar əsrlər boyu Cənubi Qafqazda sülh və qarşılıqlı anlaşma şəraitində yaşamağa can atıblar. Hesab edirəm ki, problemin kökü beynəlxalq hüquq normalarına məhəl qoymadan təcavüz aktının həyata keçirilməsi və bəzi güclərin regionda təsirini qoruyub saxlamasıdır".

Misirin Xarici Siyasət Şurasının üzvü kimi öz ölkəsinin xarici siyasət prioritetlərindən bəhs edən professor qeyd edib: "Misir müxtəlif regional və beynəlxalq güclər arasında balanslaşdırılmış xarici siyasət aparır, onların hər biri ilə əməkdaşlığı inkişaf etdirir. Ölkəmizin siyasətinin prioritet istiqamətlərindən biri də terrorizmlə mübarizədir. Misir hələ ötən əsrin sonlarından Qoşulmama Hərəkatında fəal iştirak edir və bu yaxınlarda Bakıda keçirilən Zirvə Görüşündə də təmsil olunub. Qahirə Yazın Şərq regionunda və Afrikada sülhün və sabitliyin təminatçısına çevrilməkdədir".

 


Create Account



Log In Your Account