Feb 28 2017 17:07
Ulviyye Sabirqizi
Views: 1633

"Prezidentin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı 70 min gənci əhatə edəcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il sənəd verənlərin sayında artım gözlənilir. Keçən il üçün bu rəqəm 56 min olub. Bundan başqa, bu il abituriyentlərə bir yox, iki şans veriləcək. Gələcəkdə belə imkanlar ola bilsin artacaq. Gələn il qəbul imtahanlarına noyabr-dekabr ayından başlanılması gözlənilir. Qəbul qaydaları hökumət tərəfindən təsdiqlənib.

Məleykə Abbaszadə qeyd edib ki, bu il abituriyentlər I-IV qruplar üzrə iki dəfə qəbul imtahanında iştirak edə bilər. Birinci cəhddə imtahan haqqını dövlət ödəyəcək. İkinci cəhdi isə abituriyent özü ödəməli olacaq. Artıq iki ildir ki, abituriyentlərə iki ixtisas qrupu seçməyə imkan verilir. “Araşdırmalarımıza görə, ötən il ali məktəblərə ərizə verən və buraxılış vərəqəsi alan abituriyentlərin 8,4 faizi imtahana gəlmirdi. Yəqin ki, yeni qaydalar belə halların qarşısını alacaq” – deyə, Məleykə Abbaszadə bildirib.

Direktorlar Şurasının sədri Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq üçün istifadə olunan ödəniş üsullarını da açıqlayıb. Bildirib ki, "Şəxsi kabinetin" hesabına lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar: ödəniş sistemlərinin veb portallarında, ödəniş sistemlərinin özünəxidmət kiosklarında, poçt şöbələrində və SMS vəsitəsilə. Sınaq imtahanlarına yazılmaq üçün ödəmə kartlarını "Şəxsi kabinet"dən və SMS-lə əldə etmək olar.

Məleykə Abbaszadə həmçinin bildirib ki, Dövlət İmtahan Mərkəzinin elektron xidmətlərindən faydalanmaq istəyən hər bir kəsin şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Məleykə Abbaszadə valideynləri və abituriyentləri şəxsi kabinet yaradılan zaman diqqətli olmağa da çağırıb:

“Uzun illər ərizə qəbulu zamanı müşahidə edirik ki, çox vaxt valideynlər öz uşaqlarına etibarlılıq göstərmirlər və ərizə vermək qaydalarını kimlərəsə - özgə şəxslərə həvalə edirlər. Biz elektron ərizəni dolduran şəxsdən onunla əlaqə saxlamaq üçün əlaqə nömrəsi elektron poçt ünvanı istəyirik. Keçən il bizdə olan bazaları araşdıranda müəyyən etdim ki, bir poçt ünvanı 200 nəfər abituriyent üçün qeyd edilib. Bu, qeyri-adi haldır. Biz bunu araşdırdıq. Müəyyən oldu ki bu, yalnız hansısa internet klubunun poçt ünvanıdır. Bu, o deməkdir ki, valideyn özü ərizəni doldurmayıb. O əlaqə ünvanını hansısa internet klubunun poçt ünvanını göstərib”.
Məleykə Abbaszadənin sözlərinə görə, belə olan təqdirdə tamamilə təsadüfi şəxs həmin abituriyentin şəxsi məlumatlarını oxumuş olacaq. Ona görə də şəxsi kabineti abituriyent və valideynlər özləri yaratmalıdırlar.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak üçün tariflər barədə qərar bu həftə ərzində Tariş Şurası tərəfindən elan edilə bilər. Qiymətlərin təsdiqi Tarif Şurasına həvalə edilib və bu həftə ərzində Şura öz qərarını elan edəcək.

Dövlət İmtahan Mərkəzi ilk buraxılış imtahanını martın 5-də keçirəcək. İlkin layihəyə görə, martın 19-da və 26-da sınaq imtahanlarının keçirilməsi nəzərdə tutulub. Aprelin əvvəlində isə magistratura və rezidentura səviyyəsinə ilk imtahanın keçirilməsi gözlənilir.

Qeyd edək ki, magistratura və rezidenturaya, dövlət qulluğuna qəbul imtahanlarında iştirak üçün imtahan xərclərini namizədlər özləri ödəyəcəklər.

 


Create Account



Log In Your Account