Jul 07 2018 11:16
Ferah Sabirqizi
Views: 321

Nə vaxtsa sadəcə aşiq olub dinlədiyi, bu gün isə öz barmaqları, mizrabı ilə toxunduğu bu musiqi onu qırılmaz tellərlə Azərbaycana bağlayır...Elə bu səbəb də Polina Desyatniçenkonu ölkəmizə gətirib. Müsahibimiz Rusiyada doğulsa da, 9 yaşından Kanadaya köçüb. Əslən isə Ukraynalıdır. 3 ildir Azərbaycanda yaşayır, amma muğam, tar dərslərilə 5 il əvvəldəm tanışlığı var. Polina üçün musiqi mənəvi ruh deməkdir.

“Həmişə maraqlanmışam ki, musiqinin mədəniyyət və ictimaiyyətə təsiri nədən ibarətdir. Niyə hər yerdə insanların musiqiyə ehtiyacı var. Mən muğamı dinləyəndə bu sualıma cavab tapa bildim. Kanadada etnomusiqişünaslıq kafedrasında oxuyarkən qərara aldım ki, bu musiqini araşdırım. Azərbaycan muğamı haqqında dissertasiya işi yazmağı qərara aldım”.

 Polinanın Azərbaycan muğamını dərindən mənimsəmək istəyinə Elxan Mansurov, Ramiz Quliyev, Elxan Müzəffərov, Vamiq Məmmədəliyev kimi sənətkarlar müsbət cavab verib. Əcnəbi tarzənin fikrincə, muğam ilahi musiqidir. Bu musiqidə olan qüdrət, xarakter onu dinləyən, ifa edən hər kəsi sirli dünyaya aparır.

“Mənim üçün burada olmaq çox vacibdir. Tarda muğamı necə ifa etmək olar? Məhz bunu öyrənmək üçün azərbaycanlıların arasında olmaq şərtdir, tar sənəti onlar üçün hansı məna kəsb edir? Burada olduğum 3 ildə müxtəlif tar müəllimlərindən dərs almışam. Mənim bura ilk gəlişim 2013-cü ilin martına təsadüf edir. Gələn kimi də özümə tar müəllimi axtarmağa başladım. İlk müəllimim Aslan Məhərrəmov olub. O günləri xatırlayıram ki, saatlarla tar ifa edirdim, gecəmi gündüzümə qarışmışdım. Muğam, tarda ifa eləmək asan bir şey deyil.  Amma həm də çox təsirlidir. Bütün bu çətinliklərə rəğmən öyrənməyə, ifa etməyə davam edirsən».

Polinanın yaxşı səsi də var. Muğam oxuya bilməsə də, xalq və bəstəkar mahnılarını məharətlə ifa edə bilir...

Polina indi tar dərslərini əməkdar artist Elxan Mansurovdan alır. Artıq əsas muğamların, demək olar, hamısını mənimsəyə bilib. Müəllimi ilə ilk dəfə 2014-cü ilin dekabrında tanış olublar. Kanadalı tələbə Elxan müəllimə klassik muğamları dərindən öyrənmək istəyini bildirib və əməkdar artist ona bu arzusunu reallaşdırmaqda kömək edib. Elxan Mansurov qeyd edir ki, Polinanın Azərbaycan muğamını, tarı təbliğ etməsi çox xoşdur:

“Çox duyumlu qızdır, hər şeyi çox tez götürür. Ən əsası, yorulmur. Düşünün, onunla hər dəfə 4-5 saatdan çox məşq edirik. Bir dəfəsində də “yoruldum» demir. Ona bildiyim bütün bilgiləri ötürməyə çalışıram, o da məharətlə mənimsəyir. Mənim üçün çox xoş oldu ki, Polina çox gənc idi, cəmi 26 yaşı var idi, müasir muğam haqqında anlayışı var id. Dedi ki, klassik muğamı daha dərindən öyrənmək istəyir. Kanadada oxuduğu universitetə yazdığı işdə bunların fərqini izah etməli idi. Mən ona müəyyən materiallarsda kömək etdik və o, Şur dəstgahını öz dissertasiyasında yazdı”.

Əməkdar artist bildirir ki, Polina bundan başqa, Mahurindi, Bayatı-kürd, Dügah, Segah, Zabul-segah, Çahargah, Bayatı-şiraz muğamları, onların şöbələrinin yaxşı bilicisidir. Kanadalı tarzənin dissertasiya müdafiəsi bitsə də, indi Harvard Universitetinə təqaüd qazanıb. İki il müddətində muğam haqqında kitab yazmağı planlaşdırır. Yeni elmi araşdırmasına sentyabrdan start verəcək. Bu müddətdə muğam ustadları ilə görüşüb dərs almağa davam edəcəyini deyir.

 


Create Account



Log In Your Account