Mar 13 2021 11:29
Elshad Aliyev
Views: 156

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının əməkdaşı Əliağa Məmmədovun xatirəsinə həsr edilmiş videoçarx hazırlanıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videoçarx teatrın gənc aktyoru Zaur Əliyev tərəfindən həmkarının xatirəsinə ithaf edilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin rəhbərliyi ilə hazırlanan bu videoçarxda qəhrəmanımızın obrazı böyük sevgi ilə təqdim olunur və ona “İşıq adam” deyə müraciət edilir. Videoçarxın səsləndirilməsində müəlliflə yanaşı, teatrın solisti, Prezident mükafatçısı Əmrah Dadaşov da iştirak edir.

Teatrın yaradıcı heyəti şəhidin əziz xatirəsinə ithaf olaraq bundan öncə də “Döyüşən teatr” (rej: S.Qulamov) sənədli filmini çəkib.

Xatırladaq ki, Əliağa Məmmədov 2001-ci il iyulun 26-da Bakının Sabunçu rayonunda anadan olub. Milli Qəhrəman Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbi bitirdikdən sonra uşaqlıqdan məşğul olduğu Cüdo idman növü üzrə müxtəlif yarışlarda iştirak edib, medal və sertifikatlar qazanıb.

Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də teatrdan yollanıb.

O, Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub.


Create Account



Log In Your Account