Dec 05 2019 10:31
Ferah Sabirqizi
Views: 92
…Zalın ortasında böyük yolka ağacı qurulub. Uşaqlar ağacın altında qalaqlanmış hədiyyələr arasında özlərinin arzuladıqları hədiyyələri tapırlar. Bəzəkli qutuların üstündə uşaqların hər birinin şəkli var, ona görə hansı hədiyyənin kimə aid olduğunu bilmək asandır. Sağ olsun Şaxta Baba, hər kəs üçün öz məktubunda yazdığı hədiyyəni ayırıb – planşet, oyuncaq maşın, gəlincik, top, video oyunlar... Amma uşaqların təkcə bir arzusunu yerinə yetirə bilməyib - Şaxta Babadan şəhid atalarını istəyən balacaların diləyini...
 
Yeni yaranmasına baxmayaraq, xeyli iş ortaya qoyan “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Yeni İl bayramında ətrafındakı balacalara belə bir sevincli gecə yaşatmağı planlaşdırır. Təşkilatın rəhbəri Sevinc Alıyeva deyir ki, Yeni ildə şəhid övladlarını şadlandırmaq, az da olsa onların nisgilini azaltmaq üçün uşaqlara hədiyyələr almağı planlaşdırıblar. Bu işdə onlara dövlət qurumları, konkret olaraq bir nazirlik yardım göstərib.
 
Uşaqlar layihələrini prezidentə təqdim ediblər
 
“Təkcə aprel döyüşçülərinin 60-a yaxın övladı var. Onlar arasında ümumiyyətlə atasının üzünü görməyən körpələr var. Birliyi qurduğumuz gündən çalışırıq ki, torpaqlarımız uğrunda şəhid olan insanların övladları tək qaldıqlarını, ata qayğısından məhrum olduqlarını hiss etməsinlər. İndiyədək bir çox dövlət təşkilatına müraciət etmişik. Sağ olsunlar, hələ ki, bizi tam geri çevirən olmayıb. Çünki koordinatları düz veririk, doğrudan da qayğıya ehtiyacı olan insanları göstəririk və problemin həll olunmasını gözləyirik. Olunur da. Əsas düzgün və sağlam təməllər üzərində əməkdaşlıq qurmaqdır. Hesab edirəm ki, Azərbaycan üçün dəyər daşıyıcısı olan bu ailələr tanıdılmalıdır”.
 
İndiyədək “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin təşkilatçılığı və dövlət qurumları, özəl şirkətlərin dəstəyilə şəhid ailələrinin sosial problemlərinin həlli ilə yanaşı, uşaqlar üçün maraqlı layihələr icra olunub. Şəhid övladları Azərbaycanın rayonlarına səfərlərə gediblər, teatr və muzeyləri ziyarət ediblər. Onlar üçün pulsuz təhsil kursları yaradılıb. Bu proqramlarda Sevinc xanımın övladları – komandir Raquf Orucovun övladları da iştirak edir.
 
 
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə 15 şəhid övladı olan şagird kurslara cəlb olundu. Məktəblilərin üç şirkətdə robot idarəetməsi, dron uçuşları, kompüter mühəndisliyi və digər sahələrin öyrənilməsinə dəstək göstərdik. Nəticədə həmin şəhid övladları bu gün BakuTel sərgisində kiçik startaplarını təqdim etdilər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva sərgini ziyarət zamanı şəhid övladlarının layihələri ilə maraqlandılar, təşkilatımızın fəaliyyətində bizə uğurlar arzuladılar”.
 
Dövlət-QHT əməkdaşlığının müsbət nəticələri
 
Bu, bir təşkilatın qısa zaman müddətində gördüyü işlərdir. Hələ qarşıda böyük planlar var. Amma S.Alıyevanın özü də etiraf edir ki, dövlətin və mərkəzi icra orqanlarının dəstəyi olmasa, bu planlar baş tutmaz. 
 
Dünyada müxtəlif ölkələrdə vətəndaş cəmiyyətinin dövlətlə əməkdaşlığı mövcuddur və əksər hallarda bu birlik müsbət nəticələr verir. Məsələn, ABŞ-ın Kentukki ştatında 3-4 nəfərdən ibarət “Vision” Alyansı belə bir təşəbbüs irəli sürüb ki, qəsəbənin girişindəki bölgədə işləyəcək qurumlar üçün vergilər aşağı salınsın. Yerli icra qurumları bu təklifi dəstəkləyib. Nəticədə bütöv bir qəsəbə inkişaf etməyə başlayıb. Çünki dərhal buradakı yolayrıcında yeni ticarət mərkəzləri tikilib, qonşu bölgələrdən də insanlar bura alış-verişə axışmağa başlayıb.
 
 
Rusiyanın Perm vilayətində isə bir QHT-nin öz sosial şəbəkəsində “Aktiv vətəndaş” rubrikası açması vilayətdə əməlli-başlı dəyişiklik yaradıb. Vətəndaşlar yolların salınması, məhəllə və parkların abadlaşdırılması zamanı müşahidə etdikləri qanunsuzluqlar barədə məlumatları səhifəyə göndəriblər, QHT də bunu icra hakimiyyətinə ötürüb. Bu pozuntular aradan qaldırılıb. Sonradan bu layihə bütün Rusiyada yayılıb. İndi Moskva şəhər icra hakimiyyəti layihəni daimi olaraq həyata keçirir. Layihə çərçivəsində şəhər üzrə qəbul edilən qərarlar vətəndaşların səsverməsinə çıxarılır, onların rəyləri öyrənilir. 
 
Emin Həsənli: “Şuranın yaranması ilə QHT-lərin inkişafı  yeni vüsət aldı”
 
Bəzi ölkələrdə əksinə, qeyri-hökumət təşkilatları dövlətə müxalif qurum kimi fəaliyyət göstərir. “Azərbaycan tək-tük ölkələrdəndir ki, dövlət səviyyəsində qeyri-hökumət təşkilatların inkişafına dəstək verilir, bu təşkilatlara tərəfdaş kimi yanaşılır”. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzvü Emin Həsənli CBC-yə müsahibəsində belə deyir. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində qeyri-hökumət təşkilatlarına müxalif qurumlar kimi münasibət bəslənilirdi. Əslində isə bu qurumlar vətəndaş təşəbbüslərinin reallaşmasına çalışan qeyri-siyasi institutlardır. Yalnız 1998-ci ildə Azərbaycanda ilk dəfə "Qrantlar haqqında" Qanun qəbul edildikdən sonra ölkədə qeyri-hökumət təşkilatı sektorunun mövcudluğu, bu qurumların cəmiyyətdəki rolunun zəruriliyi faktiki olaraq rəsmən elan edildi. Milli lider Heydər Əliyevin rəhbərliyi altında QHT-lər tərəfdaşlıq münasibətlərinə cəlb olundular.
 
“Tədricən ölkəmizdə QHT-lərin sayı artmağa başladı. Vətəndaş cəmiyyətinin üzvləri təcrübələrini də artırdılar, cəmiyyət həyatında öz yerlərini tutmağa başladılar. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT-lərin inkişafı yeni vüsət aldı. Şuradan sonra digər donor təşkilatları da yaradıldı. Məsələn, gənclər təşkilatlara hədəflənmiş Gənclər Fondu yaradıldı. Daha sonra bəzi nazirliklər özləri QHT-lərlə əməkdaşlığa başladılar, qrant proqramlar elan etdilər”.
 
Bu il QHT-lərə Dövlət Dəstəyi Şurası ilk dəfə olaraq 26 dövlət orqanı, mərkəzi icra hakimiyyəti orqanları ilə birgə qrant müsabiqələri elan edilib. Emin Həsənli hesab edir ki, bu, Azərbaycan hakimiyyətinin daim QHT-lərlə əməkdaşlığa hazır olmasının göstəricidir. 
 
QHT-lər qanun yaradıcılığına cəlb olunurlar
 
“İndi demək olar hər bir nazirliyin, universitetin yanında İctimai Şuralar yaradılıb və  dövlət qurumlarının rəhbərləri Şuralarla əlaqəli formada işləyirlər. QHT-lərin parlamentlə də əməkdaşlığı gücləndirilib. Son illər əksər qanunların qəbulu və müzakirəsinə QHT-lər də dəvət olunur. İndi vətəndaş cəmiyyəti üzvləri elektron məhkəmə sisteminin yaradılması prosesində aktiv iştirak edirlər. İnsan hüquqlarının, xüsusilə qadınların və uşaqların müdafiəsi məsələsində də böyük dəyişiklik var. Bir sözlə, dövlət-QHT əməkdaşlığında son illər ciddi irəliləyiş əldə olunub. Bu yolda  böyük məsafə qət etmişik. İnanıram ki, bundan sonra da ortaya çıxan problemlərin öhdəsindən gələ biləcəyik”.
 
Əlbəttə iş olan yerdə yanlışlıqlar, problemlər, narazılıq və şikayətlər də olacaq. Bəzən QHT-lər hansısa layihə icra edərkən iş görməkdən daha çox kağız-kuğuz, sənədləşmə, Şuranın ofisinə get-gələ daha çox vaxt getməsindən gileylənir, bunu da Şuranın irəli sürdüyü sərt tələblərlə əlaqələndirirdilər. Artıq bu problem də aradan qalxıb. 
 
7/24 formatlı “SƏLİS” konsepsiyası 
 
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan "SƏLİS"-in işə düşməsi ilə QHT nümayəndələrinin hansısa sənədi Şurada müxtəlif instansiyalarda imzalatdırmaq üçün dəfələrlə gedib gəlməsinə, təsviri və maliyyə hesabatların ayrıca təsdiqlətmək və digər məsələlər üçün günlərlə vaxt ayırmasına ehtiyac qalmayıb. İndi bu münasibətlərin hamısı “SƏLİS” üzərindən həyata keçirilir. Bu e-proqramın tətbiqi canlı təması sıfıra endirib. İndi Şuradan qrant alan, layihə icra edən QHT-lər layihə boyunca cəmi iki dəfə ofisinə gəlirlər – müqavilə imzalamaq və yekun hesabatla bağlı aktı imzalamaq üçün. “SƏLİS” vətəndaşlara və QHT-lərə 7/24 formatlı yeni elektron xidmət formasıdır.
 
 
“SƏLİS” - Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminin  yaradılmasında əsas məqsəd QHT-lərə dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, qarşılıqlı münasibətlərdə yeni əməkdaşlıq modelini formalaşdırmaqdan ibarətdir. Təbii ki, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri heçə endirmək də hədəflərdən biridir. 
 
Canlı təmas sıfıra endirilib 
 
Şura öz fəaliyyətinə ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etmək üçün daha bir yeniliyi tətbiq edib. Belə ki, “e-vətəndaş” proqramı Şuraya təqdim edilən layihələri hər kəsin elektron formada qiymətləndirilməsinə imkan yaradır. Ekspertlər hələlik bu proqramın tətbiqində bəzi çatışmazlıqların (qeydiyyatın qəlizliyi, bir şəxsin bir neçə layihəyə səs verməkdən məhrum edilməsi, 3 nəfərin səsinin 1 balla qiymətləndirilməsi və s) olduğunu qeyd edirlər. Lakin inanırlar ki, hər zaman şəffaflıq, aşkarlıq və hesabatlılıq prinsiplərini yüksək tutan QHT-lərə Dövlət Dəstəyi Şurası tədricən bu proqramı da təkmilləşdirəcək. Ümumilikdə isə yeni elektron xidmətlər Şuranın rəhbər tutduğu prinsiplərin aydın, səlis və dəqiq tətbiqini özündə ehtiva edir. 
 
Ekspert: “Digər qurumlar da “SƏLİS”dən yararlansın”
 
“Ortaq dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deyir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası media ilə əlaqələrini optimal şəkildə həyata keçirən dövlət qurumlarından biridir:
 
“Şuranın bu il tətbiq etməyə başladığı SƏLİS proqramı təkcə Şura ilə QHT-lər arasında münasibətləri, layihələrin idarə edilməsi prosesini tənzimləmək üçün deyil, ölkədə elektron xidmətə keçid, innovasiyaların inkişafında mühüm addımdır. Mən bir müddət əvvəl təklif etmişdim ki, müsabiqələr həyata keçirən digər dövlət qurumları “SƏLİS”dən yaralana bilər. Çünki bu zaman həm şəffaflıq, həm də rahatlıq təmin olunur. Bu məsələlərin mediada təşviqi çox önəmlidir. SƏLİS proqramının məziyyətlərinin cəmiyyətə təqdimatı, eyni zamanda QHT-media əməkdaşlığı baxımından əhəmiyyətli olacaq”.
 
İstənilən demokratik hakimiyyətin əsas məqsədi insanların hüquq və azadlıqlarının müdafiəsini tam təmin etməkdir. Əks əlaqə və cəmiyyət tərəfindən nəzarət olmadıqda, hökumət qurumları işlərini kifayət qədər effektiv görmür, neqativ hallar yaranır, dövlət idarəetməsinin keyfiyyəti aşağı düşür. 
 
Prezident: “İctimai nəzarət gücləndirilməlidir”
 
Son vaxtlar dövlət başçısı İlham Əliyev də ictimai nəzarətin vacibliyinə diqqəti çəkir. Prezident hesab edir ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar üzə çıxarılmalı, aşkara deyilməlidir. "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir" deyən prezident qeyd edib ki, məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır.
 
 
"Biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq". 
 
Artıq dövlət və hökumət rəsmiləri də problemlərin olduğunu etiraf edir, onların həlli üçün çalışdıqlarını bildirirlər. Vətəndaş cəmiyyəti və media nümayəndələri isə bu problemləri araşdırıb onların həllində dövlətə yardımçı olmalıdır. Ümid edirik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının tətbiq etdiyi yeniliklər bu işdə vətəndaş cəmiyyətinə yardımçı olacaq, onların işini daha effektiv və keyfiyyətli qurmasına, daha çox istiqamətlərdə araşdırma aparmasına şərait yaradacaq. 
 
 
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsinə təqdim olunur.

Create Account



Log In Your Account