Nov 04 2019 15:46
Elshad Aliyev
Views: 42

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyət göstərən düşüncə mərkəzləri ilə əməkdaşlığını inkişaf etdirir. Bu əməkdaşlıq çərçivəsində Çinin Guandzhou şəhərində İnnovasiya və İnkişaf Strategiyası İnstitutu, Çin Xalq Xarici Əlaqələr İnstitutu, Berggruen İnstitutunun XXI Əsr Şurası, Guandonq vilayəti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə dördüncü “Çini anlamaq” mövzusunda konfrans keçirilib.

CBC AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri: Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Belçikanın sabiq Baş Naziri İv Leterme, Pakistanın sabiq Baş Naziri Şaukat Aziz, Ərəb Liqasının sabiq Baş katibi Əmr Musa, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Rəşid Əlimov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Baş katibi Rövşən Muradovun daxil olduğu nümayəndə heyətini qəbul edib.

Çin və xaricdən 600-dən çox siyasi, biznes, akademik sahələrdə nüfuzlu simaların iştirak etdikləri iki günlük toplantıda dünya iqtisadiyyatında Çinin rolu, Çin və yeni qloballaşma, Çində baş verən islahatlar, ətraf mühit problemi və planetin qorunması üçün birgə əməkdaşlıq, ABŞ-Çin münasibətləri, “Bir kəmər, bir yol” layihəsinin iştirakçı ölkələrə verdiyi töhfələr müzakirə olunub.

Bununla yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin üzvləri Çin Xalq Xarici Əlaqələr İnstitutunun yeni təyin olunmuş rəhbəri Vanq Çao ilə görüşüblər. Görüşdə iki təşkilatın səmərəli əməkdaşlığının davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Eyni zamanda, Haynan vilayətində Çinin İslahatlar və İnkişaf İnstitutu və Haynan vilayət rəhbərliyi, “Bank of China” və “China Daily”nin təşkilatçılığı və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Çinin islahatlarına həsr olunmuş 85-ci beynəlxalq forum keçirilib. Forumda Mərkəzin üzvü, Bosniya və Herseqovinanın sabiq Prezidenti, Parlament sədri Mladen İvaniç, Mərkəzin əməkdaşları iştirak ediblər.

Beynəlxalq forumun açılışda çıxış edən Mladen İvaniç Çinin region ölkələrinin iqtisadi inkişafına verdiyi töhfələr, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaş təşkilatların Çində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığının xalqlar arasında yaxınlaşma və anlaşmanın təbliğindəki əhəmiyyətini vurğulayıb.

 


Create Account



Log In Your Account