Dec 24 2019 12:23
Elshad Aliyev
Views: 108

Çinin Çendu şəhərində Çin, Yaponiya və Cənubi Koreya liderlərinin 8-ci birgə görüşündə üç ölkə arasında azad ticarətin təşkilinə dair danışıqların sürətləndirilməsi qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan, Yaponiyanın Baş Naziri Şinzo Abe və Cənubi Koreyanın Prezidenti Mun Ce-inin iştirak etdiyi görüşdən sonra keçirilən birgə mətbuat konfransında bu barədə məlumat verilib.

Li Keçyan görüşün səmərəli keçdiyini, tərəfləri maraqlandıran bir çox məsələlərə dair fikir mübadiləsi aparıldığını deyib. Əsas diqqət yetirilən mövzulardan biri Koreya yarımadasındakı vəziyyət olub. Bildirilib ki, Koreya yarımadasının nüvə silahsızlaşdırılması Çin, Yaponiya və Cənubi Koreyanın birgə arzusudur. Məsələnin yeganə səmərəli həlli isə dialoq və məsləhətləşmələrlə mümkündür.

Yaponiyanın Baş Naziri Şinzo Abe Şimali Koreyanın raket buraxılışlarını qınayaraq bunun regional təhlükəsizlik üçün ciddi təhdid olduğunu bildirib. O, Çendu görüşündə iştirak edən hər üç ölkənin məsələyə dair ümumi mövqeyinin BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrinin tam olaraq yerinə yetirilməsindən ibarət olduğunu deyib.

Cənubi Koreya Prezidenti Mun Ce-in üç ölkənin Koreya sülh prosesi ilə bağlı sıx əlaqələndirmənin və əməkdaşlığın davam etdirilməsinə qərar verdiklərini deyib. O, Koreya yarımadasında sülhün hər üç ölkənin maraqlarına uyğun olduğunu bildirib.

Çendu görüşünün yekununda növbəti onillik üçün üçtərəfli əməkdaşlığa dair birgə bəyanat qəbul edilib.

Qeyd edək ki, bu il Çin-Yaponiya-Cənubi Koreya birgə əməkdaşlığının 20-ci ildönümü tamam olur. Asiyanın bu üç ölkəsi öz iqtisadiyyatları ilə təkcə qitədə deyil, dünyada öncül sıralardadır. Tərəflər arasında tarixi və siyasi məsələlərə yanaşmada ciddi fikir ayrılıqları olsa da, əsasən iqtisadi sahədə sıx əməkdaşlıq mövcuddur.


Create Account



Log In Your Account