Jan 18 2017 11:44
Ferah Sabirqizi
Views: 1469

“İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorların yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanır.

Bu haqda CBC-yə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, qeyd edib ki, ATS tərəf)dən giriş 23 yanvar 2017-ci il saat 06:00-dan etibarən sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanacaq:

“II vestibül (“20 Yanvar” tərəf) isə əvvəlki qaydada sərnişinlərin giriş-çıxışı üçün açıq olacaq. I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər”.

Məlumat üçün bildirək ki, 2016-cı ildə stansiyanın II vestibülü tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq.

Qeyd edək ki, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin, həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb.

“Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

 


Create Account



Log In Your Account