Feb 09 2019 11:05
Ferah Sabirqizi
Views: 44

Bu gün Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası yaradılmasının 95-ci ildönümü tamam olur. 1924-cü il fevralın 9-da Naxçıvanın faktiki olaraq muxtariyyət statusu alması ilə birlikdə qədim diyarın təhlükəsizliyi və gələcək inkişafı da təmin edilmiş olub.

Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunub. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında olmadığından Naxçıvanda Araz Türk Cümhuriyyəti elan edilib. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə Naxçıvanın muxtariyyəti saxlanılıb. 

1921-ci ildə imzalanan Moskva və Qars müqavilələri ilə bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu təsbit edilib. 1923-cü ildə Naxçıvan Muxtar Diyarı adlanıb, 1924-cü il fevralın 9-da isə muxtar respublika statusu alıb. 
Muxtariyyət statusunun qorunub saxlanılması milli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı ilin iyulunda dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə milli liderin muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür verdi.

1990-cı il noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası adlanıb. Sovetləşmədən sonra Naxçıvan ərazisinin bir qismi, o cümlədən Şərur-Dərələyəz bölgəsi Ermənistana verilib. Hazırda Naxçıvan Muxtar Respublikasının ərazisi 5,5 min kvadratkilometrdir və Naxçıvan şəhəri və 7 inzibati rayondan ibarətdir.

 


Create Account



Log In Your Account