Dec 18 2019 11:36
Elshad Aliyev
Views: 116

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən seçki dairələrinin veb-kameralar quraşdırılmış seçki məntəqələrinin və seçkilərə 5 gün qalmış yaradılması nəzərdə tutulan qapalı seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katibləri üçün seminar-treninq keçirilib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, seminarda çıxış edən komissiyanın sədri Məhərrəm Qasımov 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülən işlərdən danışıb.

Sonra muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının sədrləri rəhbərlik etdikləri seçki dairələri üzrə seçki məntəqələrinin və seçicilərin sayı, mülki və qapalı seçki məntəqələrində səs verəcək hərbi qulluqçular barədə məlumat veriblər.

Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov çıxışında bildirib ki, ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə olunur ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Səsvermə günü istənilən internet istifadəçisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi saytına daxil olmaqla, səsvermənin gedişini canlı izləyə bilər. Ümumiyyətlə, seçki məntəqələrində veb-kameraların quraşdırılması Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a uyğun təşkil olunub və keçirilən seçkilərdə aşkarlıq institutunun daha geniş təmin edilməsi məsələlərini əhatə edir.

Mərkəzi Seçki Komissiyasının sədri seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə məlumat verərək bildirib ki, məntəqə seçki komissiyasının sədri komissiyanın işinə ümumi rəhbərlik edir, komissiya üzvləri arasında iş bölgüsü aparır, səsvermənin başlanmasını və qurtarmasını elan edir, seçki məntəqəsində səsvermə qaydalarına əməl olunmasını, qanunla onun üzərinə qoyulmuş digər vəzifələri həyata keçirir. Katiblər isə sədrin göstərişlərini və sədr tərəfindən onlara verilən səlahiyyətləri yerinə yetirir.

Seminarda Mərkəzi Seçki Komissiyasının əməkdaşı Elşən Heydərli səsvermə prosesi, seçkinin demokratik və şəffaf keçirilməsi ilə bağlı məntəqə seçki komissiyası üzvlərinin və seçicilərin üzərlərinə düşən vəzifələr haqqında ətraflı məlumat verib, səsvermə başa çatdıqdan sonra nəticələrin məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidəçilərin müşayiəti ilə hesablanması qaydalarından da danışıb.

5 saylı Şahbuz-Babək Dairə Seçki Komissiyasının əməkdaşı Asim Quliyev səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması qaydalarını izah edərək bildirib ki, məntəqə seçki komissiyasının protokolu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış üç nüsxədən ibarət xüsusi dövlət sənədidir. Protokolu tərtib edərkən son dərəcə səliqəli, həddindən artıq diqqətli olmaq vacibdir.

Daha sonra məntəqə seçki komissiyası protokolunun doldurulma qaydası slaydlarla ətraflı izah edilib, suallar cavablandırılıb.


Create Account



Log In Your Account