Feb 13 2020 12:09
Elshad Aliyev
Views: 144

2019-cu ildə Azərbaycanda İKT sahəsində gəlirlərin həcmi 2,2 mlrd. manat olub ki, bu da ÜDM-in 1,8%-ni, qeyri-neft ÜDM-in isə 2,9%-ni təşkil edir.

"APA-Economics"in məlumatına görə, bunu "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycanın Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, infrastrukturun modernləşdirilməsi və artan tələbata cavab verəcək səviyyəyə malik imkanların yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, e-ticarətin genişlənməsi və sair görülən işlər rəqəmli iqtisadiyyatın inkişafında aparıcı rol oynayır.

"Beynəlxalq Telekommunikasiya İttifaqının məlumatına əsasən, 2019-cu ildə dünyanın 93%-i 3G şəbəkəsi ilə əhatə olunub. Azərbaycan bu göstərici üzrə dünyanın orta göstəricisindən öndədir və ölkə əhalisinin yaşayan ərazisinin 97,1%-ni bu şəbəkə ilə əhatə olunub. Hazırda isə 4G şəbəkəsi genişləndirilir. Ümumilikdə, hazırda ölkə əhalisinin 80%-i internet istifadəçiləri, 75%-i isə genişzolaqlı şəbəkə istifadəçiləridir", - deyə nazir müavini qeyd edib.

O həmçinin əlavə edib ki, 2019-cu ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal Rəqabətlilik Hesabata əsasən, Azərbaycan hər 100 nəfərə düşən internet istifadəçilərin sayına görə dünyanın 141 ölkəsi arasında 43 yerdə qərarlaşıb: "Bu göstərici üzrə Azərbaycan region ölkələri arasında 2-ci olub".


Create Account



Log In Your Account