Mar 13 2017 16:45
Ulviyye Sabirqizi
Views: 1428

“Türkiyə suveren bir dövlətdir və sanksiyalarımız olacaq”.

CBC xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik bildirib.

O, Niderlandda irqçilik, ayrı-seçicilik düşüncəsinin hökm sürdüyünü vurğulayıb. Hollandiya Azadlıq Partiyasının lideri Gert Vildersin mənsub olduğu siyasi-ideoloji baxışa işarə edən nazir deyib: “Vildersin məsələyə yanaşmasını və bu düşüncəni çox yaxşı bilirik. Heç şübhəsiz sanksiya tətbiq edəcəyik. Onlara cavab veriləcək. Ancaq bizə "gərginliyi azaldın" deməsinlər. Bu məsələdə Avropa İttifaqı və Avropa Şurasının üzərinə böyük vəzifə düşür. Onların tərəflərə təmkinlik göstərməyi təklif etməsi bizim üçün yetərli deyil. Çünki biz də Vildersi və təmsil etdiyi düşüncəni çox yaxşı tanıyırıq”.

Ömər Çelik qeyd edib ki, Hollandiya Avropa İnsan Hüquqları Konvensiyasını pozub: "Orada irqçi, neofaşist qüvvə meydana çıxıb”.

Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb.

 


Create Account



Log In Your Account