Nov 01 2019 16:58
Elshad Aliyev
Views: 42

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi bu gün tarixi İçərişəhərdə İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində mətbuat günü təşkil edib. 

CBC xəbər verir ki, Aİ-nin maliyyələşdirdiyi, BMTİP və “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin ilə birlikdə həyata keçirdiyi tədbir incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunub. 

Əlilliyi olan və olmayan şəxslər üçün inklüziv təhsilin təşviqinə yönələn bu layihə gənc tələbələrin birlikdə təhsil alması və ənənəvi incəsənət vasitəsilə həyatı birlikdə kəşf etməsinə kömək edir. 

2018-ci ildə Aİ, BMTİP və Azərbaycan Hökuməti arasında imzalanmış layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və gənclərin onların inkişafla bağlı ehtiyac və tələblərinə uyğunlaşdırılmış inklüziv təhsili platformalarına çıxış imkanlarını genişləndirmək üçün bu yaxınlarda tamamilə yeni İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi yaradılıb. 

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas  deyib ki, bərabər davranış, bərabər imkanlar və ayrı-seçkiliyə yol verilməməsi, cəmiyyətdə əlilliyi olan qadınlar və kişilər üçün inklüziv imkanları təmin edir: “Maneə və qərəz olduqda isə həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır, xüsusən bu maneələr bacarıqların inkişaf etdirilməsi və layiqli iş imkanlarının əlçatanlılığına mane olur. Bu baxımdan, ümumi, texniki və peşə təhsil və təlimin, o cümlədən məşğulluq sahəsində məlumatlılığı artıran davamlı, açıq, çevik və tamamlayıcı sistemlərin inkişafı və tətbiqi vacibdir”. 

İnklüziv təcrübələrin vacibliyini vurğulayan BMTİP-in Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti qeyd edib ki,  inklüzivlik əlilliyi olan insanların həyatında köklü dəyişikliklərə səbəb olaraq onların özünüqiymətləndirməsinin yüksəlməsinə, özünəinamının artmasına kömək edir və onlara daha keyfiyyətli həyat yaşamaq imkanı verir. 

Bu gün İçərişəhərdəki yeni İncəsənət və Sənətkarlıq üzrə Peşə Təlimi Mərkəzində təqdim olunan altı kursda yüksək motivasiyalı 65 nəfər tələbə, o cümlədən əlilliyi olan 25 tələbə və əlilliyi olmayan 40 tələbə təhsil alır. Mərkəzdə hazırda dulusçuluq və dekorativ həllərlə bağlı iki kurs mövcuddur və hər ikisi 6-12 aylıq akademik proqramlar  təmin edir. Bundan əlavə, ağac üzərində iş üzrə ixtisaslaşan daha iki qrup müvafiq olaraq altı və on iki aylıq kurslarda iştirak edir. Polimer gili və muncuqlardan suvenirlərin hazırlanması və batika və vitraj üsulu ilə suvenirlərin hazırlanması üzrə bir-birindən ayrı daha iki kurs mövcuddur. Kurslar əlilliyi olan 4-5 və əlilliyi olmayan 6-7 tələbədən ibarət qarışıq qruplar şəklində həftədə bir dəfə 2 saat davam edir.


Create Account



Log In Your Account