May 15 2020 15:48
Elshad Aliyev
Views: 175

Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyi, Çin Qida və Heyvandarlıq Məhsullarının İxrac və İdxalı üzrə Ticarət Palatasının birgə təşkilatçılığı ilə "Azərbaycanın qida və kənd təsərrüfatı məhsulları" mövzusunda vebinar keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Çin şirkətlərinə Azərbaycanın keyfiyyətli qida və kənd təsərrüfatı məhsulları, habelə ölkəmizin kənd təsərrüfatı sektoruna investisiyaların yatırılması imkanları haqqında məlumat verməkdən ibarət olub.

Çinin kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 115 şirkətinin nümayəndələrinin iştirak etdiyi vebinarda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkəmizin kənd təsərrüfatı sahəsində investisiya və ticarət imkanları mövzusunda danışaraq bu sahədəki mövcud vəziyyət və perspektivlər, Azərbaycanın əlverişli investisiya mühiti və ölkədə investorlar üçün təklif edilən imtiyazlar barədə məlumat verib, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixrac potensialından söhbət açıb.

"Çin-Azərbaycan kənd təsərrüfatı məhsulları ticarətindəki inkişaf vəziyyəti" mövzusunda təqdimatla çıxış edən Çin Qida və Heyvandarlıq Məhsullarının İxrac və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Ron Veydon bildirib ki, gömrük statistikasına əsasən, 2019-cu ildə iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarətinin dəyəri 10 milyon ABŞ dolları təşkil edib. Bu rəqəm 2018-ci illə müqayisədə 35,4 faiz çoxdur. Çinin Azərbaycandan idxalı 86,1 faiz, şərab idxalı 54 faiz, Çindən ölkəmizə ixrac isə 32,5 faiz artıb. Pandemiya şəraitinə baxmayaraq, ilin birinci rübündə Çinlə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ticarəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artaraq 2 milyon 474 min dollara çatıb. Bu dövrdə Çinin Azərbaycandan idxalı 14,5 faiz, Çindən ölkəmizə ixrac isə 23 faiz artıb.

Tədbirdə ticarət nümayəndəliyinin əməkdaşı İxtiyar Atalızadə "Azərbaycanın qida və kənd təsərrüfatı məhsulları haqqında ümumi məlumat" mövzusunda, Çin Milli Qida və Fermentasiya Sənayesi Tədqiqatı İnstitutunun beynəlxalq əməkdaşlıq və ticarət inkişafı şöbəsinin rəis müavini Yü Bin "Azərbaycan şərabları" mövzusunda, "Zhongwai Jinghe Co., Ltd." şirkətinin baş direktoru Van Doncian "Azərbaycanın qida və içki məhsulları" mövzusunda təqdimatla çıxış ediblər. Onlar ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və qida məhsulları, o cümlədən şərab, meyvə şirələri, mürəbbə, kompot, çay, bitki yağları, konservləşdirilmiş məhsullar, mineral sular və digər məhsullar barəsində ətraflı məlumat veriblər.


Create Account



Log In Your Account