Mar 19 2020 15:34
Elshad Aliyev
Views: 76

İtaliyada yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə üçün Çindən ikinci tibb briqadası Milana yola düşüb.

AZƏRTAC xəbər verir ki, 12 nəfərlik heyətin tərkibində respirator xəstəliklər üzrə həkimlər, laborant, reanimatoloq və ictimai səhiyyə eksperti var. Bundan başqa, İtaliyaya ezam olunmuş ilk qrupdan fərqli olaraq, budəfəki heyətdə ənənəvi Çin təbabəti üzrə 2 ekspert də var. Onlar digər həmkarları kimi Çində COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsində fəal iştirak ediblər.

Çinin Cıcian vilayətindən olan heyət indiyədək 100-dən çox COVID-19 xəstəsini, o cümlədən vəziyyəti ağır və kritik olan təxminən 30 pasiyenti müalicə ediblər.

Tibbi heyətlə birlikdə İtaliyaya 17 ton tibbi ləvazimat, o cümlədən respiratorlar, tibbi maskalar, qoruyucu geyimlər göndərilib.

Qeyd edək ki, İtaliya COVID-19 infeksiyasının Çindən sonra ən çox yayıldığı ölkədir. İndiyədək İtaliyada 35 min 713 yoluxma, 2978 ölüm faktı qeydə alınıb. Çin yeni növ koronavirusun aşkarlandığı və ən çox yayıldığı ölkə olsa da, bu ölkədəki xəstələrin çoxu sağalaraq xəstəxananı tərk edib. Çin ekspertləri COVID-19 xəstələrinin müalicəsində xeyli təcrübə toplayıblar.


Create Account



Log In Your Account