Dec 10 2019 10:31
Elshad Aliyev
Views: 128

Əgər cəmiyyət tələb edərsə, rüşvətxorlara qarşı ölüm cəzası tətbiq edilə bilər.

AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə bəyanatla İndoneziya Prezidenti Coko Vidodo Korrupsiya ilə Mübarizə Günündə tələbələr qarşısında çıxış edib.

Tələbələrdən birinin nəyə görə İndoneziyada rüşvətxor məmurlara qarşı ölüm hökmü tətbiq edilmir sualına cavab verən C.Vidodo bildirib ki, ölkə qanunvericiliyində belə hallarda şübhəli bilinən şəxslərə qarşı ölüm hökmünün tətbiq edilməsi nəzərdə tutulmur. Lakin təbii fəlakətlər zamanı korrupsiya elementi aşkar edilərsə, həmin şəxslərə qarşı bu hökm qəbul edilə bilər.

Bundan sonra jurnalistlər Prezidentə müraciət edərək o, rüşvətə görə təqsirli bilinənlərin barəsində qanunvericilikdə dəyişiklik olunması haqqında düşünürmü sualını ünvanlayıblar.

C.Vidodo cavabında deyib: “Əgər xalqın iradəsi Cinayət Məcəlləsinə və ya Korrupsiya haqqında qanuna ölüm hökmünün tətbiq edilməsi barədə maddənin daxil olunmasını tələb edərsə, bunu qəbul etmək olar”.

Həmin tədbirdə iştirak edən Ədliyyə naziri Yasonna Laoli sonradan bildirib ki, müəyyən vəziyyətlərdə ölüm hökmünün tətbiqi mümkündür. Lakin bu zaman təbii fəlakətlər zamanı dövlətə dəyən zərərin məbləği əsas götürülməlidir.

Bundan əlavə, Korrupsiya haqqında qanun təbii fəlakətlərlə yanaşı, konkret vəziyyətlərdə, xüsusən də ölkə iqtisadi və ya valyuta böhranında olarkən korrupsiya aktı törədənlərə qarşı ölüm hökmünün tətbiqini nəzərdə tutur.

Hazırda bütün dünyada ölüm hökmünün aradan qaldırılması tendensiyasının üstünlük təşkil etməsinə baxmayaraq, İndoneziya narkotiklərlə, qətllə və terrorizmlə bağlı cinayətlərə görə bu qərarın saxlandığı ilk onluğa daxildir.

Xatırladaq ki, C.Vidodonun İndoneziyaya rəhbərlik etdiyi dövrdə bu ölkədə, o cümlədən əcnəbilərə qarşı 18 ölüm hökmü icra edilib.


Create Account



Log In Your Account