Nov 06 2019 10:21
Elshad Aliyev
Views: 36

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie Gəncə şəhər İcra Hakimiyyətin Başçısı Niyazi Bayramovla görüşüb.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, görüşdə bir sıra məsələlər müzakirə olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qədim tarixə malik olan Gəncə şəhəri haqqında qonağa ətraflı məlumat verib. O bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Husnan Bey Fananie Gəncənin onun qəlbində xüsusi yeri olduğunu bildirib. Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi iqtisadi, sosial və mədəni sahələrdə əlaqələr yaratmaqdır. Həmçinin o bildirib ki, Gəncə İndoneziyanın böyük şəhərlərindən Cokjakarta, Medan və ya Bandunqla qardaşlaşa bilər.

Bundan başqa Husnan Bey Fananie İndoneziya xalqının Nizami Gəncəvi yaradıcılığına çox böyük maraq və hörmət bəslədiyini qeyd edib: “Hazırda İndoneziyada Nizami Gəncəvinin  “Leyli və Məcnun” əsəri əsasında film çəkilir. Filmin lentə alınmasında məqsəd  hər iki ölkə arasındakı mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verməkdir. Filmin bir hissəsi Azərbaycanda çəkiləcək. Ekran əsəri üç dildə təqdim olunacaq”. 


Create Account



Log In Your Account