Mar 17 2020 16:41
Elshad Aliyev
Views: 94

Neftin qiymətinin son 20 ilin ən aşağı səviyyəsinə düşməsi fonunda inkişaf etməkdə olan ölkələrin neft və təbii qaz gəlirlərinin 50-85 faiz arasında azalacağı bildirilir.

AZƏRTAC xəbər verir ki, “neft müharibəsi” inkişaf etməkdə olan ölkələrə təsir edəcək. Rusiya ilə Səudiyyə Ərəbistanı arasında tədarük müharibəsindən sonra neftin bir barrelinin qiyməti 30 dollara düşdü.

OPEC və Beynəlxalq Enerji Agentliyi (IEA) bu vəziyyətin inkişaf etməkdə olan ölkələrə çox zərər verəcəyini açıqlayıb. Məlumata görə, inkişaf etməkdə olan ölkələr neft gəlirlərinin ən azı yarısını itirmək riski ilə üzləşəcək. Ən pis vəziyyətdə isə bu ölkələrin neft gəlirləri 85 faiz azala bilər.

IEA-nın icraçı direktoru Fatih Birol və OPEC-in baş katibi Məhəmməd Barkindonun birgə bəyanatında bu vəziyyətin sosial və iqtisadi nəticələrinin olacağı bildirilib. Gəlirlərin geriləməsi səbəbindən səhiyyə və təhsilə qoyulan investisiyaların azalacağı gözlənilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının məhdudlaşdırılması üzrə razılığa gələ bilmədilər. Bundan sonra rəsmi Ər-Riyad gündəlik neft hasilatının 13 milyon barrelə çatdırılacağını açıqladı. Bu açıqlamadan sonra neftin qiyməti 30 faiz ucuzlaşdı.

Səudiyyə Ərəbistanının açıqlamasından sonra isə rəsmi Moskva istənilən vaxt neft hasilatının artırılacağını açıqladı. Rusiya tərəfi ölkə iqtisadiyyatının aşağı neft qiymətlərinə 10 il dözəcəyini iddia edir.


Create Account



Log In Your Account