Aug 07 2019 12:38
Ferah Sabirqizi
Views: 86

Ölkəyə rəhbərlik etdiyi ilk günlərdən onun hərəkətləri, eyni məsələ haqqında gündüz bir, axşam isə başqa fikir səsləndirməsi bu adamın ölkədə yaxşılığa doğru nəyisə dəyişəcəyinə olan işartılar yavaş-yavaş sönməyə başladı.

Yerli ictimai-siyasi xadimlər Nikol Paşinyana olan ümidlərini tamamilə üzdülər. Çünki baş nazir ölkəni küçə təfəkkürü ilə idarə edir, ona elə gəlirdi ki, dövlət idarəçiliyi küçə və meydandan başlanır. Bu fikri onun özünü küçə adamı kimi aparması da təsdiqləyirdi. Bir faktı diqqətə çatdırmaq istərdim. Keçmiş prezident Robert Koçaryan həbsdən azad olunduqdan sonra Nikol Paşinyan küçə və meydanlarda yanında olan adamlara göstəriş verdi ki, sabahdan bütün məhkəmələri boykot edin və hakimləri iş otağına buraxmayın. Məgər bu hərəkət ölkə rəhbərinə yaraşan idimi?

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qəti mövqeyi, siyasi düşüncəsi olmayan Nikol Paşinyan beynəlxalq tədbirlərdə özünü sülh tərəfdarı kimi göstərir, tədbir başa çatdıqdan dərhal sonra yenə də işğalçı mövqeyini ortaya qoyurdu. Baş nazir olduğu ilk vaxtlarda danışıqlar masasında Dağlıq Qarabağın müstəqil tərəf kimi iştirakı iddiasını irəli sürmüşdü. Çətinliklə də olsa, ona başa saldılar ki, hələ bu vaxta qədər dünyanın heç bir ölkəsi, hər hansı bir beynəlxalq təşkilat, hətta Ermənistanın özü belə Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Burada bu günə qədər keçirilmiş hər hansı bir seçkinin nəticəsi nə beynəlxalq təşkilatlar, nə də dünya dövlətləri tərəfindən tanınıb. Ona görə də Dağlıq Qarabağ danışıqlarda müstəqil tərəf kimi iştirak edə bilməz. Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləsə də, Ermənistan hələ də qəti mövqe ortaya qoya bilmir. Nikol Paşinyan ölkəyə rəhbərlik etdiyi müddətdə nə daxili, nə də xarici siyasətdə hər hansı bir dəyişikliyə nail oldu. O, əhalinin ona qarşı etirazının getdikcə artdığını hiss edən kimi, dərhal Dağlıq Qarabağa üz tutdu və bu yolla etirazçı kütlənin fikrini başqa istiqamətə yönəltməyə çalışdı. Bu yolda hətta ailə kartını da işə saldı.

Əvvəlcə oğlunu Dağlıq Qarabağa – işğal altında olan Azərbaycan ərazilərinə guya hərbi xidmətə yolladı. Sonra isə həyat yoldaşını Rusiyadan olan bir neçə qadına qoşub Azərbaycan ərazilərinə göndərdi. Guya bu ərazilərin Ermənistanın olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq istədi. Gah da işğal etdikləri ərazilərdə küçə adamlarına qoşulub rəqs etdi. Bu dəfə isə yenidən işğal altında olan Azərbaycan ərazilərinə gedərək mitinq keçirtdi və Dağlıq Qarabağı Ermənistana birləşdirmək çağırışı etdi. İşğalçı ölkənin rəhbərinin Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, işğalçı ölkə ilə qondarma rejimin birləşdirilməsinə çağırış etməsi həm Paşinyanın, həm də onun rəhbərlik etdiyi ölkənin əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. Bu adam özü də bilmədən Ermənistanın işğalçı ölkə olduğunu rəsmən təsdiqlədi. Hakimiyyəti əlində uzun müddət saxlamaq üçün separatçılara müstəqillik söz verən Paşinyan Azərbaycanın heç vaxt separatçı rejimi tərəf kimi qəbul etməyəcəyini yaxşı bilirdi. Onun işğalçı ölkəyə rəhbərliyindən sonra Ermənistan və Azərbaycan liderləri artıq 4 dəfə, lakin qeyri-rəsmi şəraitdə görüşüblər. Hər dəfə də Paşinyan riyakarlığını örtbasdır edə bilməyib. Artıq beynəlxalq aləmdə də qeyri-ciddi dövlət başçısı kimi tanınan Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistana birləşdirmək çağırışı bu ölkənin dövlət başçısı səviyyəsində növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyi, saymazlığıdır. Dünya birliyinin bu ədalətsizliyə göz yumması, Ermənistanın ərköyünlüyünə laqeydliyi işğalçı ölkəni daha da həyasızlaşdırır, ona BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atmağa, təhqir etməyə rəvac verir. Nikol Paşinyan bu çağırışı ilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏTin Minsk qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv etdi.

Bu, həm də həmsədr dövlətlərə meydan oxumaqdır. Ancaq Ermənistanın baş naziri unutmamalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcək. Bizim güclü ordumuz, gündən – günə artan iqtisadi qüdrətimiz qələbə gününü qaçılmaz edir. Nikol Paşinyan da şahidi olacaq ki, Azərbaycanın milli bayrağı Xankəndidə, Şuşada və işğal altında olan digər ərazilərimizdə qaldırılacaqdır.

Çingiz Qənizadə  Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktor


Create Account



Log In Your Account