May 07 2020 15:12
Elshad Aliyev
Views: 49

Çinin Rusiya ilə həmsərhəd ərazisində yerləşən Xeyluncian vilayətinin Mudancian şəhərində yeni növ koronavirus (COVID-19) böhranı ilə əlaqədar epidemiya riski orta səviyyədən aşağıya endirilib. Mudancian Çində orta epidemik risk səviyyəsi olan sonuncu yaşayış məntəqəsi idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin rəsmisi Mi Fen məlumat verib. Mayın 6-da isə Xeyluncian vilayətinin inzibati mərkəzi olan Xarbin şəhərinin Nanqan rayonunda və Suyfenxe şəhərində epidemik risk səviyyəsi ortadan aşağıya endirilib.

Epidemik risk səviyyəsi aşağıya endirilən yaşayış məntəqələrində istehsalın bərpasına başlanılacaq.

Qeyd edək ki, Çinin Dövlət Şurasının təsdiq etdiyi mexanizmlərə əsasən, şəhər, rayon və qəsəbələrdə son 14 gün ərzində virusa yoluxma halı qeydə alınmazsa epidemik risk səviyyəsi aşağıya endirilir.

Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində Çinin materik hissəsində COVID-19 infeksiyasına 2 yeni yoluxma halı qeydə alınıb ki, onların hamısı xarici mənşəli yoluxmadır. Xəstəxanalarda müalicəni başa vuran 46 nəfər evə buraxılıb. Hazırda Çində 295 nəfər aktiv COVID-19 xəstəsi var.

Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1040 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 439 yoluxma və 6 ölüm baş verib.


Create Account



Log In Your Account