May 05 2021 16:58
Elshad Aliyev
Views: 99

Çinin COVID-19 virusuna qarşı birdozalı “CanSino” peyvəndinin Pakistanda istehsalı mümkün olacaq.

AZƏRTAC Çin mediasına istinadla xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin səhiyyə məsələləri üzrə köməkçisi Faysal Sultan məlumat verib. Hazırda vaksinin istehsalı üçün müvafiq avadanlıq Pakistana gətirilir.

Pakistanda COVID-19 virusuna qarı peyvəndlənməli olanların sayının təxminən 100 milyon nəfər təşkil etdiyini bildirən F.Sultan bildirib ki, hökumət ilin sonunadək onların 70 faizinə vaksin vurmağı hədəfləyib. Hazırda gündə 150 min nəfərə vaksin vurulur. Bu rəqəm yaxın günlərdə 300 minə çatdırılacaq.

Pakistanda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesində Çinin “Sinopharm” və "CanSino Biologics" şirkətinin peyvəndlərindən istifadə olunur. Hər 2 peyvəndin Pakistanda təcili istifadəsinə icazə verilib.

Qeyd edək ki, Çin Hərbi Tibb Akademiyası və "CanSino Biologics" şirkəti tərəfindən birgə hazırlanan COVID-19 əleyhinə vaksinin kliniki sınaqları ötən ilin martında yeni növ koronavirusun ilk aşkarlandığı Hubey vilayətinin paytaxtı Uxan şəhərində təşkil olunub. Vaksinin bir dəfə yeridilməsi təhlükəsiz olub və sınaqda iştirak edənlərin əksəriyyətində immun cavabına səbəb olub. İlk 14 gün ərzində pasiyentlərdə immun cavabı müşahidə olunub, 28 gün ərzində tədqiqat iştirakçılarının əksəriyyətində əhəmiyyətli humoral və toxuma immun cavabı yaranıb. Kliniki sınaqların üçüncü mərhələsi isə Çin ilə yanaşı, Pakistan və Rusiyada da aparılıb. Cari il fevralın 8-də açıqlanan ilkin nəticələrə əsasən onun effektivliyi 74,8 faiz olub. Vaksinin saxlanma və daşınması üçün 2-8 dərəcə Selsi temperatur rejimi tələb olunur. Çinin Dövlət Tibbi Məhsullar Administrasiyası bu vaksinin ölkədə kütləvi marketinqinə icazə verib.


Create Account



Log In Your Account