Apr 13 2020 13:04
Elshad Aliyev
Views: 95

Azərbaycanda yeni koronavirus pandemiyası ilə mübarizəyə dəstək məqsədilə Çin Xalq Respublikasından Azərbaycan Respublikasına humanitar yardımlar daxil olmaqda davam edir.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı AZƏRTAC-a bildirib ki, Çin hökuməti və müxtəlif şirkətləri tərəfindən indiyədək ölkəmizə göstərilmiş humanitar yardımlara əlavə olaraq, Sıçuan əyalətinin Myenyan şəhəri tərəfindən qardaş şəhər münasibətlərində olduğu Sumqayıta COVİD-19 pandemiyası ilə mübarizədə dəstək məqsədilə tibbi vasitələrdən ibarət humanitar yardım göndərilib.

Yardım artıq Sumqayıta çatdırılıb. Belə ki, aprel ayının 12-də 120000 ədəd baxil, 50000 ədəd gündəlik qoruyucu maska, 2000 ədəd xüsusi üz qoruyucu maska, 2000 ədəd qoruyucu eynək, 1000 ədəd qoruyucu geyim dəsti, 300 ədəd məsafədən yoxlayan infraqırmızı termometrdən ibarət olan humanitar yardım Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilib. Səfir tibbi vasitələrin şəhərdəki xəstəxanalara paylanılacağını, koronavirusla mübarizədə istifadə olunacağını vurğulayıb.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının Sumqayıt şəhəri və Çin Xalq Respublikasının Myenyan şəhəri arasında dostluq münasibətlərinin qurulmasına dair Anlaşma Memorandumu imzalanıb. Cari ilin fevral ayında, Çində yeni koronavirusun yayıldığı dövrdə Sumqayıt şəhəri dost Myenyan şəhərinə tibbi vasitələrdən ibarət humanitar yardım göndərmişdi.

“Hazırda isə, COVİD-19 pandemiyasının dünyada yayıldığı bir zamanda, Myenyan şəhəri tərəfindən Sumqayıt şəhərinə humanitar tibbi yardım çatdırılıb. Bu cür qarşılıqlı yardımlaşma iki şəhər arasında qurulmuş əməkdaşlığın, o cümlədən iki xalq arasında təşəkkül tapmış dostluğun ən bariz göstəricisidir”, - deyə səfir əlavə edib.


Create Account



Log In Your Account