Dec 10 2019 10:29
Elshad Aliyev
Views: 117

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya formatı” sammitindən sonra 4 ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərləri mətbuat konfransı keçiriblər.

Konfransda bildirilib ki, Fransa, Almaniya, Rusiya və Ukraynanın dövlət rəhbərləri 2019-cu ilin sonuna qədər regionda sabitliyi təmin etmək məqsədilə Şərqi Ukraynada atəşkəsi dəstəkləyən tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransını Fransa prezidenti Emmanuel Makron açaraq, “Normandiya dördlüyü”nün görüşünün qənaətbəxş olduğunu bildirib. Almaniya kansleri Angela Merkel çətin məsələlərin həlli istiqamətində güclü iradənin olduğunu qeyd edib.

Ukrayna prezidenti də Paris görüşünün uğurlu olduğunu bildirib. Vladimir Zelenski qeyd edib ki, təhlükəsizlik təmin edilmədən siyasi həll mümkün deyil.

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı ilə görüşün yaxşı keçdiyini və qənaətbəxş olduğunu deyib. O, əsasən Minsk sazişinin həyata keçirilməsi məsələsinə toxunub.

Görüşdə birgə bəyanatın qəbul edildiyi, əsirlərin dəyişdirilməsi məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılıb.

Mətbuat konfransında “Normandiya dördlüyü”nün növbəti görüşünün dörd aydan sonra keçirilməsi ilə bağlı razılığa gəlindiyi vurğulanıb.


Create Account



Log In Your Account