Mar 29 2017 17:00
Ulviyye Sabirqizi
Views: 1666

“Bu il keçirilən bayram tədbirləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirib. Bayram tədbirlərində ölkəmizin bütün regionlarını təmsil edən kollektivlər bölgələrin mədəni həyatını yüksək səviyyədə nümayiş etdiriblər. 8 gün ərzində 60-dan artıq musiqi, rəqs və folklor kollektivi çıxış edib. Milli Turizm Təbliğat Bürosu tərəfindən keçirilən Novruz festivalına gün ərzində 30-35 min, bəzi günlərdə isə 50-60 min nəfər insan qatılıb”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin yeni yaradılan regional mədəniyyət və turizm idarələrinin fəaliyyətinə həsr olunmuş geniştərkibli müşavirəsində deyib.

O bildirib ki, aprel-may aylarında Azərbaycanda ilk dəfə olaraq “Shopping Festival”, mayda IV İslam Həmrəylik Oyunları, iyunda “Formula 1” Azərbaycan Qran-prisi kimi möhtəşəm yarışlar keçiriləcək. Yeni yaradılan regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir.

Nazir regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini xüsusi qeyd edib. Həmçinin yerlərdə fəaliyyət göstərən mərkəzi kitabxanaların nəzdində açıq kitabxanaların yaradılmasının gündəmdə olduğu vurğulanıb.


Create Account



Log In Your Account