Jul 29 2019 16:08
Ferah Sabirqizi
Views: 88

Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransa Prezidentinin fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən CBC.az-a bildirilib ki, Baş nazirə ordeni Fransanın Bakıda səfərdə olan İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer hökumət adından təqdim edib.

Fransız dilinin, ədəbiyyatının peşəkar tədqiqatçısı olan N.Məmmədov bu ali mükafata Azərbaycan-Fransa əməkdaşlığına verdiyi töhfəyə görə layiq görülüb.

Bu xoş xəbəri çatdırmaqdan məmnun olduğunu bildirən Fransanın İqtisadiyyat və Maliyyə naziri ölkəsinin N.Məmmədova xüsusi hörmət və ehtiramı olduğunu vurğulayıb.

Baş nazir isə öz növbəsində, bu ali mükafata layiq görüldüyünə görə Fransa dövlətinə və xalqına minnətdarlığını bildirib.

Xatırladaq ki, “Şərəf Legionu” ordeni 1802-ci il mayın 19-da Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin beş dərəcəsi var. Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.


Create Account



Log In Your Account