Mar 18 2021 11:53
Elshad Aliyev
Views: 135

Hər il olduğu kimi, bu il də Naxçıvan şəhərindəki Mərkəzi Bazarda Novruz bayramı münasibətilə yarmarka təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Novruz yarmarkası sakinlər tərəfindən razılıqla qarşılanıb. Keyfiyyəti ilə seçilən yerli məhsullar buradan münasib qiymətlərlə alıcılara təklif olunur. Yarmarkanın təşkil olunmasında məqsəd şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınmasından ibarətdir.

Alıcılar qeyd ediblər ki, burada məhsulları bazar qiymətindən 10-15 faiz ucuz ala bilirlər. Bildiriblər ki, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrinin gəlirlərini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Yerli məhsullarımız isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinlərin diqqətini çəkir.

Naxçıvan şəhər sakini Validə Məmmədova deyib: “Bu günlərdə biz qadınları düşündürən əsas məsələ bayramda süfrəmizi necə bəzəyəcəyimizdir. Əvvəllər bayram yaxınlaşanda bilmirdik ki, nə edək. Ötən əsrin 90-cı illərin əvvəlləri yaxşı yadımdadır, həm meyvə, həm tərəvəz, həm də ki, ət sarıdan əziyyət çəkirdik. Uşağın da, qonağın da yanında üzüqara olurduq. Bu gün isə min şükür, sağ olsun, dövlətimiz bolluq yaradıb. Ürəyin istəyən yerli məhsulu keyfiyyət və dadına əminliklə alıb süfrəyə qoya bilirsən. Əlbəttə ki, belə yarmarkalarda qiymətlər də münasib olur”.


Create Account



Log In Your Account