May 15 2020 14:05
Elshad Aliyev
Views: 53

Koronavirusun yayılması səbəbindən ABŞ-ın Nyu-York ştatında tətbiq edilən karantin tədbirləri mayın 15-dən başlayaraq bəzi rayonlarda qismən aradan qaldırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Nyu-York ştatının qubernatoru Endryu Kuomonun icra fərmanında bildirilir. Sənədə əsasən, izolyasiya rejimindən tədricən çıxış prosesi əhalisi 210 min nəfər olan Roçester və 150 min nəfər olan Sirakyus şəhərlərində, həmçinin Pensilvaniya ştatı ilə sərhəddə yerləşən cənub dairələrində başlayacaq. Bu rayonlarda ilk etapda tikinti və sənaye müəssisələrinin işi bərpa ediləcək.

Endryu Kuomo, eyni zamanda, ştatın digər yerlərində karantin tədbirlərinin iyunun 13-dək uzadıldığını bildirib. Beləliklə, tətbiq edilən yumşaltmalar Nyu-York şəhərinə aid olunmayacaq.

Ştat ərazisində gündəlik ölüm halları tədricən azalmaqda davam edir. Qubernatorun sözlərinə görə, ötən sutka ərzində koronavirus səbəbindən 157 nəfər həyatını itirib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumatına əsasən, Nyu-York ştatında 353 mindən çox insan koronavirusa yoluxub, 27 min 426 nəfər isə vəfat edib. ABŞ-da isə ümumilikdə 1 milyon 457 mindən çox yoluxma və 86 min 912 ölüm faktı qeydə alınıb. Hazırda müalicə alan 1 milyon 52 min 654 xəstədən 16 min 240-nın vəziyyəti ağır qiymətləndirilir.


Create Account



Log In Your Account