Dec 20 2019 11:40
Elshad Aliyev
Views: 128

Nyu-Yorkda, BMT-nin iqamətgahında iki əlamətdar hadisəyə - Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinə və qarşıdan gələn üç ildə, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, təntənəli bayram tədbirinin keçirildiyi salona çoxsaylı qonaqlar toplaşıblar. BMT Baş katibinin müavinləri, Birləşmiş Millətlər Təşkilatı Katibliyinin və BMT sisteminin yüksək vəzifəli əməkdaşları, qurumun üzvü olan dövlətlərin səfirləri, Azərbaycan diasporunun nümayəndələri, Azərbaycan diplomatlarının dostları və həmkarları qonaqlar arasında olublar.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin başçısı, səfir Yaşar Əliyev qonaqlara təbrik nitqində Azərbaycanın diplomatik xidmət orqanlarının inkişafının əsas mərhələlərini göstərib, bu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XVIII Konfransının uğurla keçirildiyini qeyd edib, Azərbaycanın BMT ideallarına və müxtəlif sferalarda çoxtərəfli əməkdaşlığın prinsiplərinə sadiq olduğunu vurğulayıb. O deyib: “Azərbaycan sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, dayanıqlı inkişafın əldə olunması, mədəniyyətlərarası və dinlərarası dialoqun irəlilədilməsi və dərinləşdirilməsi üçün ardıcıl səylər göstərir”.

Qonaqlar təntənə və bayram əhval-ruhiyyəsi yaradan səmimi və mehriban qəbulu, ənənəvi Azərbaycan qonaqpərvərliyini və milli mətbəximizin ləziz təamlarını layiqincə qiymətləndiriblər.


Create Account



Log In Your Account