Apr 22 2020 18:00
Elshad Aliyev
Views: 129

Aprelin 23-də Britaniyada koronavirus əleyhinə vaksinin klinik sınaqları başlayacaq. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Mett Henkok bildirib.

COVID-19 koronavirusuna qarşı vaksin Oksford Universitetində və London Kral Kollecində hazırlanır. Nazir Henkokun sözlərinə görə, Oksford Universitetində yaradılmış vaksinin insanlar üzərində sınaqları aprelin 23-də başlayacaq.

Hər iki universitetin alimləri klinik sınaqların dəstəklənməsi üçün hökumətdən ümumən 42,5 milyon funt sterlinq vəsait alacaq.

"Çox ümidverici olan hər iki layihə sürətlə inkişaf edir. Mən həmin layihələrə rəhbərlik edən alimlərə vəd etmişəm ki, onları dəstəkləmək üçün bizdən asılı olanların hamısını edəcəyik", - deyə nazir bildirib. O əlavə edib ki, vaksinasiya koronavirusa qalib gəlməyin ən etibarlı yoludur.

Henkok bəyan edib ki, vaksinin işlənib hazırlanması o dərəcədə əhəmiyyətlidir ki, Britaniya bütün gücünü onun yaradılmasına sərf etməyə hazırdır və koronavirusa qarşı mübarizəyə hər hansı ölkədən daha çox sərmayə yatırıb.


Create Account



Log In Your Account