Apr 27 2020 13:07
Elshad Aliyev
Views: 67

İlin ikinci yarısında neftin bir barrelinin qiymətinin 40 dollara qədər artacağını gözləyirik. AZƏRTAC xəbər verir ki, bu sözləri Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab deyib.

O bildirib ki, yeni növ koronavirus səbəbindən son günlərdə kəskin ucuzlaşmanın müşahidə olunduğu neftin qiymətindəki geriləmə qarşıdakı müddətdə bərpa olunacaq. OPEC-ə üzv ölkələrin hasilatı məhdudlaşdırmaqla bağlı qərarının icrası nəticəsində may və iyun aylarında neftin qiymətinin 40 dollar/barrelə qədər artacağı proqnozlaşdırılır.

M.Arkab ötən həftə qiymətdə baş verən kəskin ucuzlaşmadan sonrakı müddətdə neft bazarının müsbət siqnallar verdiyini qeyd edib.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.

“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.


Create Account



Log In Your Account