Nov 27 2019 12:39
Elshad Aliyev
Views: 64

OPEC və tərəfdaşları (“OPEC plus”) neft istehsalının azaldılması üzrə sazişin müddətini daha 3-6 ay uzadacaq.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, hazırda OPEC üzvləri sazişin müddətinin uzadılmasını müzakirə edir. “OPEC plus” isə gələn ilin martında başa çatacaq sazişin müddətinin daha 3-6 ay uzatmağa razılıq verib. Lakin hələlik yekun qərar qəbul edilməyib.

Omanın Neft naziri Məhəmməd Əl Rumi daha əvvəl deyib ki, “OPEC plus” gələn ay keçiriləcək yığıncaqda hazırkı hasilat səviyyələrini qoruyacaq.

Qeyd edək ki, neft bazarının diqqəti gələn ayın əvvəlində keçiriləcək OPEC-in toplantısına yönəlib. OPEC hasilatı daha da azaltmaq niyyətində deyil. Çünki kartelə üzv bəzi ölkələrdəki siyasi böhran tədarük üçün təhlükə yaradır.

OPEC və qeyri-OPEC ölkələrinin neft hasilatını daha çox azaldıb-azaltmayacaqları ilə bağlı fikirlər isə müxtəlifdir. Bir qrup analitikə görə, OPEC dekabrdakı yığıncaqda istehsalın daha çox azaldılmasını qiymətləndirəcək.

Ekspertlərin fikrincə, “OPEC plus” koalisiyasının neft hasilatının azalmasını daha da dərinləşdirməməsi bazarda tədarük bolluğu yaradacaq, nəticədə “Brent” markalı xam neftin qiyməti təxminən 30 faiz bahalaşa bilər.

Xatırladaq ki, dekabrın 5-də Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək. Dekabrın 4-də isə Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq.

Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.


Create Account



Log In Your Account