Apr 08 2020 16:57
Elshad Aliyev
Views: 298

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzi martın 31-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni “seçkilər”lə bağlı analitik məqalə yayıb.

Mərkəzin İdarə Heyətinin üzvü, geosiyasi məsələlər üzrə təhlilçi Mahmud Hasan Xanın müəllifi olduğu məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qeyri-qanuni “seçkilər” qətiyyətlə pislənilir.

Vurğulanır ki, 1990-cı illərdən bəri Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdən Ermənistanın bu siyasəti inkişafa, hətta bütövlükdə insanlığa qarşı yönəlib. Qeyd edilir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi qondarma “seçkilər”lə bağlı dərhal bəyanat yayaraq bu “seçkilər”i rədd edib və həmin “seçkilər”in Azərbaycan Konstitusiyasına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə zidd olduğunu bildirib.

Məqalədə qeyd edilir ki, koronavirus pandemiyasının dünyada tüğyan etdiyi bir vaxtda Ermənistan dünya ictimaiyyətini aldatmaq məqsədilə hiyləgərcəsinə seçkilər keçirsə də, öz mənfur məqsədlərinə çata bilmədi. Bu seçkilər İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, GUAM və digər təşkilatlar, eləcə də bir çox dövlətlər tərəfindən heç bir hüquqi qüvvəyə malik olmayan qanunsuz seçkilər adlandırıldı. Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi “seçkilər”i rədd etdi. Beləliklə, Ermənistanın beynəlxalq hüququn normalarına, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, həmçinin onun işğal olunmuş ərazilərindən qovulmuş əhalisinin insan hüquqlarına açıq hörmətsizliyinə haqq qazandırmaq iddiaları ciddi şəkildə sarsıdıldı.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs edilir. Bildirilir ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. Bir milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və ölkənin suverenliyinə, ərazi bütövlüyünə hörmətini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdiriblər.

Müəllif yazır ki, Ermənistan dövlət terrorizmi, planlı etnik təmizləmə və mənfur planları ilə tanınır. BMT, ATƏT, digər beynəlxalq təşkilatlar və dünya birliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz “seçkilər”i dəfələrlə pisləyib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını vurğulayıb. Pakistan parlamenti və Senatı da Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalını pisləyib və dərhal bu ərazilərdən geri çəkilməsini tələb edib. Bundan əlavə, həmin “seçkilər” danışıqlar prosesinə xələl gətirib, vəziyyətin gərginləşməsinə səbəb olub. Azərbaycanın işğal olunmuş ərazisində qondarma “seçkilər”in keçirilməsi qanunsuz olmaqla yanaşı, həm də ATƏT-in Minsk qrupunun sülh yaratmaq səylərini təhlükə altına alır.

“Mən Azərbaycan və MDB üzrə regional mütəxəssis olaraq Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən son “seçkilər”i Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcudluğunu “qanuniləşdirmək” istiqamətindəki növbəti “uğursuz siyasi dramı” kimi qiymətləndirirəm”, - yazan müəllif qeyd edir ki, İslam Əməkdaşlıq Təşkilatı da Dağlıq Qarabağda keçirilən qanunsuz “seçkilər”i tənqid edib. İƏT Azərbaycan Respublikasının işğal edilmiş bölgəsində keçirilmiş “seçkilər”in BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə zidd olduğunu bildirib.

Məqalədə qeyd edilir ki, Ermənistan insanlara bərabərlik vəd edən demokratik cəmiyyətin tərəfdarı deyil, soyqırımı tərəfdarıdır. Ermənistan cəmiyyətin inkişafının deyil, etnik təmizlənmə siyasətinin tərəfdarıdır. Ən nəhayət, Ermənistan hərtərəfli inkişafın tərəfdarı deyil, o, irqi ayrı-seçkilik siyasəti ilə tanınır.

Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma “seçkilər” keçirməsi müasir demokratiyaya ləkədən başqa bir şey deyil. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı, Ermənistanın beynəlxalq hüquqa hörmətsizlik etməsi, qətnamələrə məhəl qoymaması demokratiyaya, inkişafa və dialoqa xidmət etmir, əksinə, gələcəkdə baş veriləcək regional qarşıdurmaya səbəb ola bilər.


Create Account



Log In Your Account