Apr 15 2020 11:41
Elshad Aliyev
Views: 80

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış işçi qrupun hazırladığı tədbirlər planı barədə danışarkən bildirib ki, planın məşğulluq, sosial məsələləri əhatə edən hissəsi, ümumilikdə, dörd istiqaməti əhatə edir və özündə on tədbiri ehtiva edir.

AZƏRTAC xəbər verir ki, müşavirədə nazir deyib: “Bu on tədbir üzrə 394 milyon manat vəsait ayrılıb. Yəni, pandemiya əleyhinə mübarizə çərçivəsində görüləcək işlərə 400 milyon manatlıq bir paket ayrılıb. Bu 400 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitlərdir, 200 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaradılmış ehtiyatıdır, 91 milyon manatı isə işsizlikdən sığorta fondunun vəsaitləri hesabına yönəldilən mənbələrdir. Ümumilikdə birinci istiqamətimiz məşğulluq üzrə dövlət sektorunda olan məşğulluğun qorunması və burada işsizlik riskinin yaranmaması idi. Bu çərçivədə 910 min insanımızın məşğulluğu tam şəkildə təmin olunur və onlarla bağlı hər hansı bir çətinlik meydana çıxmayıb”.

Qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların qorunması sahəsində məlumat verən nazir bildirib: “Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində nəinki qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı azaldı, əksinə, artdı və aprelin 1-dən etibarən əmək müqavilələrinin sayında 51 minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik artım var”.


Create Account



Log In Your Account