May 01 2020 12:44
Elshad Aliyev
Views: 61

Koronavirus (COVID-19) infeksiyası ilə mübarizə günümüzün ən aktual problemidir. İnfeksiyanın yayılmasının qarşısının alınması üçün vətəndaşların təhlükəsizliyini təmin edən dövlətimiz məqsədyönlü və təxirəsalınmaz tədbirlər həyata keçirir. Ölkə başçısının birbaşa nəzarəti altında həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsi olaraq Azərbaycanda bir çox aparıcı dünya dövlətləri ilə müqayisədə ağır fəsadlar yaşanmır. Verilən qərarlara, özünütəcrid qaydalarına riayət etsək tez bir zamanda bu bəladan xilas ola bilərik. Bu mübarizədə hər bir şəxsin mövqeyi və rolu önəmlidir. Təlimatlara əməl etmək, həyata keçirilən tədbirlərə dəstək olmaq, sərhəd tanımayan COVID-19 infeksiyasına qarşı birgə mübarizə aparmaq hər birimizin vətəndaşlıq və vicdan borcumuzdur. Karantin rejiminin yumşaldılmasının infeksiyanın yayılmasına necə təsir edəcəyi bizim məsuliyyətimizdən asılıdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, psixoloq Tünzalə Verdiyeva söyləyib. O bildirib ki, əgər biz sayıqlığımızı itirsək və arxayınlaşsaq, yoluxma halları sürətlə arta bilər. Dövlətimizin, eləcə də bu mübarizədə zəhməti olan, bu problemin nə qədər ciddi olduğunu dərk edən və fədakarcasına gecə-gündüz çalışan, mübarizə aparan insanların əməyini puç etmiş olarıq. Yaşadığımız çətin günlərdə həkimlərimizin fədakarlığını unutmamalıyıq. Ailələrindən, övladlarından ayrı qalan, onların da sağlamlığını nəzərə alaraq özünü doğmalarından təcrid edən bu müqəddəs peşə sahiblərinin göstərdiyi nümunə hər birimizə örnək olmalıdır. Çünki hər birimiz virus daşıyıcısı ola bilər və bizə əziz, doğma insanları yoluxdura bilərik. Biz təkcə özümüzü deyil, ailəmizi, övladlarmızı, qohumlarımızı, qonşularımızı, tanıdığımız və bizi tanıyan bütün insanları düşünməliyik.

Pandemiya o vaxt elan olunur ki, Yer üzündən insan növünün yox olması təhlükəsi yaranır və məsuliyyətimizi dərk etməsək bu təhlükə bizə daha da yaxın olar. Sevdiyimiz insanları qorumaq və həyatda qalmasını təmin etmək üçün “Evdə qal”mağa davam etməli, hətta ev şəraitində belə sosial məsafə saxlamalıyıq. Zərurət olmadan evdən çıxmamalıyıq. Ehtiyac olmadan geyim mağazalarına getmək, marketlərdə, ictimai nəqliyyatda sıxlıq yaratmaq, qonaq getmək, evlərdə müxtəlif yığıncaqlar təşkil etmək doğru deyil. Müvəqqəti olaraq yaşayış yerimizi tərk etmək üçün verilən icazələrdən sui-istifadə hallarına yol vermək olmaz.

İnfeksiyanın yayılmaması üçün gigiyena qaydalarına riayət etmək bizim həyat tərzimizə çevrilməlidir. Hətta karantin rejiminin başa çatmasından sonra da bir müddət özümüzü qorumağa davam etməliyik.

Özümüzü və başqalarını xəstəlikdən qorumaq üçün, öskürərkən və ya asqırarkən ağız və burnumuzu dəsmal, köynəyimizin qolu və ya dirsək bükümümüzlə örtmək, öskürdükdən və asqırdıqdan sonra əllərimizi sabunlamaq, spirt tərkibli təmizləyicilərdən istifadə etmək, mənzilimizi gündə ən azı bir dəfə dezinfeksiya etmək, koronavirus infeksiyası riskini azaltmaq üçün tibbi maska və əlcəklərdən istifadə etmək mütləqdir. Bu mübarizədən qalib çıxmağın ən real yolu evdə qalmaqdır. Evdə qalmaqla siz həm özünüzü, həm də ailə üzvlərinizi bu virusdan qorumuş olursunuz. Siz infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırsınız.

“Bütün bu görülən tədbirlərlə yanaşı, sizin övladlarınız təhsildən də geri qalmırlar. Yaranmış vəziyyətlə əlaqədar “məsafədən təhsil” verən müəllimlər evlərinizin qonağıdır. Şagirdlərin, tələbələrin “evdə qalaq, amma təhsildən qalmayaq” çağırışına cavab olaraq müxtəlif onlayn tədris resurslarından (“Microsoft Teams”, “Zoom”, “YouTube”da videodərs, “WhatsApp” qrupu, “Facebook” qrupu, mühazirələrin elektron göndərilməsi və s.) istifadə edərək tədrisin davamlılığının təmin olunmasına öz töhfələrini verirlər. Xalqımız müdrikdir, qədim tarixə, zəngin mədəniyyətə sahibdir. Tarixboyu bir çox çətinliklərlə üzləşmiş, öz varlığını, milli mənliyini qoruyub saxlamağı, müdafiə və mühafizə etməyi bacarmışdır. Bu gün də növbəti sınaqdan öz ulu keçmişinə, möhtəşəm maddi və mənəvi irsinə, adət-ənənəsinə söykənərək, qarşılıqlı sevgi, anlaşma, hörmət və dini inancına dayanaraq, səbir, təmkin və şərəflə çıxacaqdır!”, - deyə Tünzalə Verdiyeva qeyd edib.


Create Account



Log In Your Account