Mar 06 2019 17:12
Ferah Sabirqizi
Views: 717

Ermənistan Baş nazirinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqların formatını dəyişmək arzusu ATƏT-in Minsk Qrupunun, xüsusilə də onun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin fəaliyyətini məhv etmək kimi nəzərdən keçirilə bilər.

Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva AZƏRTAC-a açıqlamasında deyib.

L.Abdullayeva vurğulayıb ki, danışıqların ATƏT-in 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə təsdiq olunmuş formatını ATƏT üzv ölkələrinin konsensus qərarı olmadan dəyişmək qeyri-mümkündür. Bu qərara əsasən, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər qismində çıxış edirlər.

“Yaxşı olardı ki, Ermənistan rəhbərliyi münaqişənin sülh yolu ilə həllinin yeni təfsirini axtarmaq üçün lüğət improvizasiyalarına vaxtını sərf etməsin. İllər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daxil olan hər bir kəs münaqişənin həlli planının aydın şəkildə müəyyən olunduğunu bilir və bunu qəbul edir”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirib.


Create Account



Log In Your Account