Aug 09 2019 16:37
Ferah Sabirqizi
Views: 120
Avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndiyə gələrək çıxış etməsi zamanı  “Qarabağ Ermənistanındır”  sözlərini səsləndirməsindən sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmı?”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzuya münasibət bildirərək qeyd edib ki,  Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi.
 
“Çünki illərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı. Paşinyan son açıqlamasıyla dediklərimizi təsdiq etdi. Digər tərəfdən Paşinyan açıqlamasıyla Azərbaycanın diplomatik və hərbi meydanda manevr imkanlarını genişləndirdi. İndi əsas məsələ yaranan imkandan faydalanmaqdır. Onu da nəzərə almalıyıq ki, Paşinyanın populist açıqlamaları Ermənistanda və Dağlıq Qarabağda da sükutla qarşılanıb. Çünki onlar da anlayırlar ki, Nikol Paşinyanın düşünülməmiş açıqlamaları həm Ermənistana, həm də Dağlıq Qarabağdakı separatçılara baha başa gələ bilər.
 
Əlbəttə, belə vəziyyətdə Azərbaycan ictimaiyyəti və geniş siyasi spektri işğalçını hərbi yolla cəzalandırmağı tələb etməkdə haqlıdır. Hətta hakimiyyət içindən və Yeni Azərbaycan Partiyasına üzv olan millət vəkillərindən də haqlı olaraq eyni səslər eşidilir”. Siyasi şərhçi bildirib ki, işğalçıya qarşı hərbi əməliyyata başlamaq üçün siyasi qərar verilməlidir:
 
“Ancaq bu qərar böyük məsuliyyət tələb edir, hərtərəfli ölçülüb biçilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda indiyənə qədərki bütün hakimiyyətlər Qarabağa görə iqtidarlarını itiriblər. SSRİ dövründə Əbdülrəhman Vəzirov Qarabağdakı separatizmdən doğan nəticələrdən ölkəni tərk etdi, eləcə də Ayaz Mütəllibov hakimiyyətini eyni məsələyə görə itirdi. Əbülfəz Elçibəyin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlar həyata keçirdi, Xankəndiyə yaxınlaşdıq. Ancaq hakimiyyət içində olan xaos, üstəgəl xarici qüvvələrin desktuktiv addımları ordumuzun qazandığı uğurların üstündən xətt çəkdi və nəticədə Elçibəy də faktiki Qarabağ uğursuzluqlarına görə hakimiyyətini itirdi. Çünki Sürət Hüseynov fenomeni də Qarabağdakı hadisələr fonunda ortaya çıxmışdı. Prezident İlham Əliyev bu tarixi gerçəkliyi nəzərə almaya bilməz”.
 
Politoloq Azərbaycanın Ermənistan üzərində qələbəsini və torpaqlarını azad etməsini istməyən Rusiya amilinin olduğunu da istisna etməyib:
 
 “Bu çox ciddi maneədir. Məhz bu amil 1990-cı illərin əvvələrində ordumuzun Xankəndiyə daxil olmasını əngəllədi. Sürət Hüseynov da bu amilin doğurduğu nəticə idi. Məhz bu amil 2016-cı ilin aprelində hücum əməliyyatımızın genişlənməsinə və daha çox ərazimizin azad olunmasına əngəl oldu. Bütün bunları görə-görə gəlmişik. Rusiyanın Azərbaycan daxilindəki “5-ci kolonunu” da unutmamaq lazımdır. Həmin kolonun nümayəndələri üçün müqəddəs heç nə yoxdur, onlar şimaldakı ağalarının əmrini yerinə yetirmək üçün vətənlərini də satmağa hazırdılar, necə ki, onların babaları 1920-ci ildə Cumhuriyyətimizi bolşevik ordusuna satmışdılar. Üstündən 100 il keçsə də vətənini düşmənizin müttəfiqinə satmaq istəyənlər yox olmayıb. Bu amil də müharibəyə başlamaq məqsədilə düyməyə basmağa mane olur. Çünki içəridən istənilən təxribata əl ata bilərlər. Müharibəyə başlamaq üçün arxa cəbhəmizdən tan əmin olmalıyıq, əmin olmalıyıq ki, hücum planımız Moskvanın və oradan da İrəvanın masası üzərində peyda olmayacaq. Buna əmin olandan sonra müharibəyə başlamaq olar. Ancaq buna qədər lokal əməliyyatlarla aprel uğurumuzu genişləndirə bilərik, üstəgəl snayperlərimiz də düşmənin itkilərini artırmalıdır”.
 
Paşinyanın "miatsum" ifadəsini təkzib etməyə çalışırlar
 
Ermənistan Xarici İşlər Nazirliyi avqustun 5-də Azərbaycanın işğal olunmuş ərazilərində çıxış edərkən Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyən və "miatsum”-"birləşmə” şüarından istifadə edən baş nazir Nikol Paşinyanın bəyanatını təkzib etməyə cəhd göstərib. Halbuki, məhz bu şüarla erməni millətçiləri 1988-ci ilin fevralında qanlı münaqişəyə başlamışdılar. Ermənistan XİN-in bəyanatına əsasən isə söhbət mənəvi birləşmədən gedir.
 
"Məgər onlar Ermənistan silahlı qüvvələrinin harada yerləşdirildiyini, Azərbaycanın işğal olunmuş torpaqlarında ölən erməni əsgərlərinin harada xidmət etdiklərini görmürlər?"
Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin Ermənistanın baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatlarına şərhində yer alıb.
 
"Biz Ermənistanda yüksəkvəzifəli şəxslərin və dövlət strukturlarının bir-birilərinə zidd fikirlər səsləndirmələrinin ilk dəfə şahidi olmuruq. Belə ki, 2019-cu il martın sonlarında Vyanada yüksək səviyyəli danışıqların nəticəsində Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli perspektivlərinə dair bəyanatından sonra müdafiə naziri David Tanoyan Nyu-Yorkda "yeni ərazilər uğrunda yeni müharibə”yə dair bəyanat səsləndirdi.
 
İlk gündən Azərbaycanda bilirdilər ki, qondarma "Qarabağ hərəkatı” Azərbaycan torpaqlarının erməni milliyyətçiləri tərəfindən ilhaqı məqsədilə başladılmış kampaniyadır. Bununla əlaqədar olaraq, 1989-cu il dekabrın 1-də Ermənistan SSRİ Ali Sovetinin o zamankı parlamenti tərəfindən Dağlıq Qarabağın birləşdirilməsinə dair məşhur fərman imzalandı. SSRİ-nin süqutundan sonra erməni millətçiləri taktikanı bir qədər dəyişdilər və bir tərəfin digər tərəfə ərazi iddiasının beynəlxalq ictimaiyyətdə mənfi reaksiyaya səbəb olacağını düşünərək, özlərinin müstəqillik ideyalarına beynəlxalq müşahidəçilərin rəğbətini qazanmaq məqsədilə beynəlxalq arenaya Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə şüarını buraxdılar. BMT və digər beynəlxalq təşkilatlar isə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdılar”, - deyə F.Şəfiyev bildirib.
 
Mərkəzin sədri vurğulayıb ki, erməni təbliğatçılarının bütün cəhdləri, o cümlədən qondarma "Dağlıq Qarabağ respublikası”nın "liderləri”nin Avstraliyaya səfəri uğursuzluğa düçar olur. Bu ölkənin Xarici İşlər Nazirliyi yenidən öz bəyanatında Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini ifadə etdi.
 
Ermənistan rəhbərliyinin hərbi təcavüzü legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyini, Azərbaycanla sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya bilməməsi təəssüf doğurur. Regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Dağlıq Qarabağda sülh erməni və azərbaycanlı icmaların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində birgə yaşamasına əsasən olmalıdır.
 
Ermənistan baş nazirinin və Xarici İşlər Nazirliyinin bəyanatı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə hörmətsizliyin təzahürüdür və dünya ictimaiyyətində çaşqınlıq yaratmaq üçün edilən növbəti cəhddir.
 
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 

Create Account



Log In Your Account