Aug 06 2019 14:30
Ferah Sabirqizi
Views: 125

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki çıxışında səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən bəyanatda deyilir ki, Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.
 
"Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.

Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu.

Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcəkdir.
Niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər. Görünür Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur.
Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir".

Qeyd edək ki, Xankəndi şəhərində Ermənistan və erməni diasporu tərəfindən 2 ildən bir keçirilən “ümumerməni idman oyunlarına İran, Türkiyə, Ukrayna və Gürcüstan “erməni oyunları”na nümayəndə heyəti göndərməkdən imtina etdib.

Bu “yarış”ın məqsədi dünyada yaşayan erməniləri idman vasitəsilə bir araya toplamaqdır. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində, Xankəndi şəhərində planlaşdırılan “oyunlar”a 5 min erməninin qatılacağı gözlənir. Onların arasında ABŞ, Rusiya, Fransa, Livan, Misir, Avstraliyada yaşayan ermənilər var.

Ermənistanın Azərbaycana qarşı yönəlmiş bu addımları haqqında danışan millət vəkilləri  ermənilərin sadəcə diqqət çəkməyə çalışdığını düşünürlər. Deputat Elman Məmmədov hesab edir ki, Ermənistan nüfuzlu, güclü dövlət olsaydı, bu cür cılız əməllərə əl atmazdı:

“Cəmiyyətdə güclü, nüfuzlu, savadlı adam özünü göstərmək, tanıtmaq üçün heç vaxt canfəşanlıq etmir. Cılız, aciz fitnə-fəsadlı adam isə ətrafdakıların diqqətini cəlb etmək üçün min oyundan çıxır. Ermənistan da dünyanın diqqətini özünə cəlb etməyə çalışan, bunun üçün dəridən-qabıqdan çıxan ölkədir. Varlıqlarını göstərmək niyyətilə hər fitnəyə əla atırlar.

Ermənilər qəsdən Qarabağda belə bir tədbir keçirməyə cəhd edirlər. Biz bunun qarşısını almaq üçün erməniləri darmadağın edib, ərazilərimizdən çıxarmalıyıq. Ərazi bütövlüyümüzü təmin edərək, erməniləri yerində oturtmalıyıq. Beləliklə, Qarabağda idman yarışlarını da biz keçirəcəyik, ermənilər yox!”

Deputat Rasim Musabəyov da o “idman yarışları”nı ermənilərin fitnəkarlığı adlandırıb:

“Azərbaycana tərəfdaş ölkələr öz vətəndaşı olan erməni əsilli şəxslərin oyunlara qatılmasına icazə vermədilər. Türkiyə, Ukrayna və Gürcüstan bu məsələdə qətiyyətli addım atdı. Ona görə, ermənilər Azərbaycanın belə cılız əməllərə meydan verməyəcəyini anladılar.
Biz beynəlxalq təşkilatlara müraciət etsək, nə isə əldə edə bilmərik. BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də yerinə yetirilmir. Bu cür laqeyd qurumlardan nə gözləmək olar ki?”.

Deputat Rauf Əliyev də Ermənistanın bu ideyasının növbəti təxribat olduğunu vurğulayıb:

“Son illərdə Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, Formula I Bakı Qran Pirisi, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, bu yaxınlarda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyətin iştirakı ilə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmizin durmadan artan gücündən və beynəlxalq nüfuzundan xəbər verir. Ermənistan rəhbərliyi Azərbaycanın bu uğurları qarşısında nə edəcəyini bilmir. Onların gücü ancaq müxtəlif təxribatlar törətməklə işğalçılıq siyasətinin ömrünü uzatmağa hesablanıb. Bunun üçün isə hər cür vasitələrə əl atırlar. İnformasiya vasitələrinin verdiyi məlumatlara görə, Ermənistana qonşu olan Türkiyə, İran və Gürcüstan idmançıları bu oyunlarda iştirak etməyəcək. Bu, Azərbaycanın həm regionda, həm də dünyada yüksək nüfuza sahib olmasından xəbər verir”.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təqdim olunur. 


Create Account



Log In Your Account