Mar 06 2020 09:59
Elshad Aliyev
Views: 36

Parisdəki səfirliyimizin Mədəniyyət Mərkəzində səfir Rəhman Mustafayevin fransız dilində nəşr edilmiş “Azərbaycan böyük dövlətlər arasında” adlı kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “Hermine” kommunikasiya şirkətinin rəhbəri Loran Pultye dü Menil, Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi və “Presses du Châtelet” nəşriyyat evinin rəhbəri Jan-Daniel Belfond çıxış ediblər.

Bildiriblər ki, arxiv materialları əsasında yazılmış kitab Azərbaycan Xalq Cümhuriyyəti, onun yaranması və fəaliyyətindən bəhs edir. Kitab tədqiqatçılar üçün çox faydalıdır. Natiqlər Azərbaycanın geosiyasi mənzərəsi haqqında məlumat veriblər. Azərbaycanın balanslı siyasətinə, regionda vacib roluna, qonşu böyük dövlətlərlə münasibətlərinə toxunublar.

Qeyd edilib ki, Azərbaycan Avropa, eləcə də Fransa üçün çox önəmli ölkə olub və yenə də olmaqdadır. Ölkəmizin geosiyasi mövqeyi, regional təhlükəsizlik sistemlərindəki iştirakı, bununla bağlı strateji qərarlarından danışılıb.

“Azərbaycan böyük dövlətlər arasında” kitabının müəllifi səfir Rəhman Mustafayev çıxış edərək, kitab haqqında ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə dair xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli Sərəncamı, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə dair Prezident İlham Əliyevin Sərəncamı birinci Azərbaycan Demokratik Respublikasına ölkəmizdə verilən əhəmiyyəti əks etdirir. Bu sərəncamlardan irəli gələn vəzifələrdən biri də Xalq Cümhuriyyəti ilə bağlı tədqiqatların aparılmasıdır.

Bildirilib ki, kitabda ölkəmizin müstəqilliyinin elan edilməsindən, Azərbaycanın ilk parlament və hökumətinin, dövlət aparatının təşkil olunmasında, sərhədlərinin müəyyənləşdirilməsindən, bayraq, himn və gerbinin yaradılmasından söz açılıb. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilməsindən, Azərbaycanın ilk universitetinin təsis olunmasından danışılıb. Xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti irqindən, dinindən, cinsindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarına eyni hüquqları verib.

1918-ci ildə baş vermiş siyasi proseslərdən, ilk Respublikanın nailiyyətlərindən söz açılan kitabda, həmçinin o dövrdə Azərbaycan diplomatiyasının əsas məqsədlərinə toxunulub. 1918-1920-ci illərdə böyük dövlətlərin ölkəmizə qarşı mövqeləri təhlil olunub.

Birinci Respublika dünyəvi dövlət çərçivəsində demokratiya və İslamı harmoniya şəklində birləşdirən ənənəvi müsəlman cəmiyyətində parlament sisteminin yaradılmasının mümkünlüyünü göstərib. Xalq Cümhuriyyətinin daxili və xarici siyasətindən danışılıb. Eyni zamanda, 1918-ci ilin martında erməni daşnak dəstələrinin xalqımıza qarşı törətdiyi kütləvi qırığından söz açılıb. Ovanes Kaçazuninin 1923-cü ilin aprelində Buxarestdə hökumətinin və partiyasının daxili və xarici siyasətini tənqid edən hesabatından sitatlar gətirilib.

Fransa, İtaliya və İngiltərənin Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanımasından və bundan sonra fransız diplomatiyasının regionda fəallaşmasından danışılıb.

1918-1920-ci illərdə Ermənistanın Qarabağ, Zəngəzur və Naxçıvanda erməni separatçılarını dəstəkləməsindən, erməni daşnaklarının bolşeviklərlə “Qarabağ cəbhəsi” açmaq sazışindən bəhs olunub.

Zəngəzur rayonunun Ermənistana verilməsi nəticəsində Azərbaycanın Naxçıvanla əlaqələrinin kəsildiyi diqqətə çatdırılıb. Sovet Rusiyasının rəhbərliyi Azərbaycan ərazilərindən istifadə edərək, regionda öz strateji məqsədlərinə nail olduğu bildirilib.

1921-1923-cü illərdə Dağlıq Qarabağın muxtariyyətinin yaradılması ölkədə, eləcə də regionda siyasi vəziyyətin qeyri-stabillik faktoru idi. 1987-1988-ci illərdə Ermənistan bu faktordan istifadə edərək ölkəmizə qarşı ərazi iddiaları qaldırdığı səsləndirilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Create Account



Log In Your Account