Mar 09 2017 10:56
Ulviyye Sabirqizi
Views: 1134

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarını davam etdirirlər. Son sutka ərzində 14 evə baxış keçirilib.

Baxış zamanı 1 379 ədəd qəlpə, 1 ədəd tank əleyhinə mina və 4 ədəd partlamamış hərbi sursat - 1 ədəd 82 millimetrlik minaatan mərmisi və 3 ədəd mina gücləndiricisi aşkar edilib. Ümumilikdə, 50 913 kvadratmetr ərazi yoxlanılıb. Bunun 11 313 kvadratmetri əl ilə, 15 200 kvadratmetri mexaniki üsulla və 24 400 kvadratmetri minaaxtaran itlərin dəstəyi ilə yoxlanılıb.

ANAMA əməkdaşları əməliyyatların keçirildiyi 33 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 145 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçiriblər. İndiyədək 15 ədəd partlamamış hərbi sursat, 2 ədəd 120 millimetrlik minaatan mərmisi, 3 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 millimetrlik top mərmisi, 3 ədəd mina, 3 ədəd piyada əleyhinə mina və 29 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Cocuq Mərcanlının mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 


Create Account



Log In Your Account