Jan 11 2017 10:19
Ulviyye Sabirqizi
Views: 1766

Yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Bu barədə SOCAR-ın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, yanğının söndürülməsi üçün kəmər dərhal lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qaz kəmərində baş verən yanğın gecə söndürülüb:

“Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları - Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb".

SOCAR-ın yaydığı məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır.

 


Create Account



Log In Your Account